Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı
11.01.2021 14:36
  • A-
  • A
  • A+

Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı

Prezident İlham Əliyev: Bu Qələbə tarixdə əbədi qalacaq.

Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.

Deyilmişdi ki:

Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq;

Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək;

Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq;

Azərbaycan münaqişəni istənilən yolla həll edəcək.

Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Yanvarın 6-da Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində vurğulayıb.

“Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb, təslim olub və biz 3 rayonumuzu bir güllə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Beləliklə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu. Biz bunu hərbi yollarla həll etdik. Baxmayaraq, uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar bizə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Biz də deyirdik ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Müharibə dövründə mən dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək deyirdim ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq. Əks təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik”. Prezident İlham Əliyev son 17 ildə qətiyyət göstərərək Ermənistanın işğalçılıq siyasətinin nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini ölkəmizin gündəliyinin mərkəzində əsas məsələ kimi saxlamağa nail oldu.

Bəli, Azərbaycan Prezidenti ölkənin ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vədinin 44 günlük Vətən müharibəsində yerinə yetirilməsi bir daha bu sözləri təsdiqlədi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafına, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə və dünya dövlətlərinin ədaləti dəstəkləməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətləndi.

Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin əyani şəkildə sübutudur. Müharibənin elə ilk günlərindən Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlıqlarını sərgilədi.

Son 17 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan güclü ordu quruculuğu siyasəti önəminin xüsusi yeri var.  Döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdıldı. Düşmən qarşısında güclü ordu gördü. İstər beynəlxalq təşkilatlar, istərsə də erməni hərbi ekspertləri etiraf etdilər ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi potensialından qat-qat güclüdür. Bu gücün təminatçısı ordu quruculuğunun dövlət üçün əsas prioritet məsələlərdən olması, Ali Baş Komandanın orduya diqqəti və qayğısı, şəxsi nümunəsi, bilavasitə ordu quruculuğu prosesində formalaşan, inkişaf edən ordu ilə xalqın birliyinin dönməzliyidir.

Müharibə vaxtı dövlət başçımızın  dünyanın xarici informasiya agentliklərinə verdiyi müsahibəslərində  dəfələrlə -“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir” vuğulaması onu göstərdi ki, Azərbaycan öz haq yolundan heç vaxt geri çəkilməyəcək. Azərbaycan dövləti bu zəfəri həm döyüş meydanında, həm də siyasi müstəvi dünya mətbuatında  qazandı. Bu müharibə Azərbaycan xalqının, onun Liderinin, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

44 gün ərzində  heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi.  Bundan sonra da, Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir. Ölkəmizin ərazi bütövlüyü artıq  tam bərpa edildi, azərbaycanlılar öz doğma əzəli dədə - baba yurdlarına qayıdacaqlar. Xalqımız Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşir, birliyimiz hər gün daha da möhkəmlənir. Qarabağ Azərbaycandır və nida" ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrilərək bizi Qarabağa apardı!

Bu gün  dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Bu xoşbəxtliyi, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı. Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı.

Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Tünzalə ARAZLI, AMEA-nın Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, HİK- sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: