Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.01.2015 00:00
  • A-
  • A
  • A+

“Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimatı keçirildi

“Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimatı keçirildi

Yanvarın 23-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Şərq və Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemlərinə həsr olunan “Risalə. Araşdırmalar toplusu” kitabının X cildinin təqdimat mərasimi keçirildi.

Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov bildirdi ki, muzeyin əməkdaşlarının elmi araşdırmalarından ibarət “Risalə” toplusu ildə bir dəfə nəşr edilir və məzmunu etibarilə klassik, müasir ədəbiyyat, fəlsəfə, mədəniyyət problemləri, həmçinin muzeyşünaslıq məsələlərini əhatə edir.

Qeyd edildi ki, topunun X cildində dərc edilən yazılar ən qədim Azərbaycan ədəbiyyatı və mədəniyyətinin aktuallıq kəsb edən ciddi problemləri ilə yanaşı, müasir ədəbiyyat və mədəniyyətin müəyyən aktual məsələlərini əhatə etməklə, “Şəxsiyyətlər və yaradıcılıqlar”, “Klassik irs – tarixi və nəzəri problemlər”, “Yeni və müasir dövrdə ədəbi-mədəni proses”, “Tarixi-mədəni abidələrin qorunması və tədqiqi. Muzeyşünaslıq”, “Yubileylər, ildönümlər, konfranslar” kimi bölmələrdən ibarətdir.

R.Hüseynov diqqətə çatdırdı ki, rəhbərlik etdiyi muzey tərəfindən hər il mütəmadi olaraq beş toplu buraxılır. “Şərq” tərcümə toplusuna müxtəlif xarakterli mətnlərin əsasən Şərq dillərindən, eləcə də dünyanın məşhur şərqşünas, Azərbaycanşünas araşdırıcılarının Şərq və Azərbaycanla əlaqədar xüsusi dəyər daşıyan yazılarının Qərb dillərindən tərcümələri daxil edilir.

Qeyd edildi ki, ənənəvi olaraq “Daşyazmalar”, “Səsyazmalar”, “Əlyazmalar”, “Yaddaşa yazılanlar” kimi bölmələrdən ibarət olan “Qaynaq” toplusunda indiyədək tədqiqatdan kənarda qalmış məxəzlər öz əksini tapır.

“Xəzinə” kataloqlar toplusu olaraq muzeyin fondlarında qorunan, daim ekspozisiyasında sərgilənən görkəmli ədəbiyyat və mədəniyyət simalarının şəxsi fondlarının, ayrı-ayrı kolleksiyalarının, müxtəlif arxivlərin müfəssəl təsvirini verir.

Toplular sırasının beşincisi olan “Məclis” il ərzində muzeydə keçirilmiş tədbirlərin stenoqrafik ifadəsidir.

Qeyd edək ki, 2004-cü ildən nəşr edilən toplu muzeyin ərsəyə gətirdiyi məcmuələr silsiləsindəndir və Ali Attestasiya Kommisiyasının təsdiq etdiyi nəşrlər sırasında yer almaqdadır. Toplunun bu sayında akademik R.Hüseynovun “Klassik irsin min illik təsir dalğası”, T.Muxtarovanın “Ç.Abdullayev yaradıcılığının özünəməxsus xüsusiyyətləri”, İ.Məmmədovanın “M.Gəncəvi tərcüməçisi, şərqşünas alim Pol Smit” və s. məqalələr dərc edilib.

Sonda topluda məqalələri nəşr edilmiş muzey əməkdaşlarına “Risalə. Araşdırmalar toplusu” kitabı hədiyyə edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: