Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasəti” mövzusunda tədbir keçirilib
07.05.2021 16:38
  • A-
  • A
  • A+

“Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasəti” mövzusunda tədbir keçirilib

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) YAP AMEA ərazi təşkilatı və institutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasəti” mövzusunda tədbir keçirilib. 

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, a.e.ü.f.d. Qoşqar Məmmədov YAP AMEA ərazi təşkilatının sədri, b.ü.f.d. Ulduzə Qurbanova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d. Famin Salmanov, TAİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev, şuranın üzvləri və AMEA-nın digər təşkilat və müəssisələrinin gənc alimləri iştirak ediblər.

Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yığıncağı giriş sözü ilə açan Qoşqar Məmmədov çıxışında qeyd edib ki, Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir: "Tarixə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Bizim ən böyük sərvətlərimizdən biri də Heydər Əliyevin aqrar sahənin inkişafında həyata keçirilən islahatlarıdır".

Famin Salmanov isə bildirib ki, ümummilli lider Heydər Əliyev hər bir sahəyə olduğu kimi, gənclərə, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət və qayğı ilə yanaşıb. Ölkəmizdə elmi gəncliyin inkişafına dəstək verilməsi Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

YAP AMEA ərazi təşkilatının sədri, b.ü.f.d. Ulduzə Qurbanova isə vurğulayıb ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bugün üçün deyil, gələcək üçün də çox əhəmiyyətlidir.

Sonra çıxış edən TAİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev qeyd edib ki, Azərbaycan dövləti dünyada layiq olduğu mərtəbəyə məhz dahi liderin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Ulu öndərin aqrar nəzəriyyəsi və aqrar siyasətində torpaq, ona xas olan münasibətləri, bütövlükdə aqrar baxışları, ərzaq proqramı, əhalinin ərzaqla təminatı istiqamətləri öz əksini tapıb.

Daha sonra tədbirdə müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Əli Adıgözəlov, Nuranə Yüzbaşova və Aygün Məmmədova çıxış edərək bildiriblər ki, Azərbaycan xalqının Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var.

Tədbirin sonunda ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan video nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: