Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Ulu öndər akademik elmin yaddaşında” mövzusunda tədbir keçirilib
07.05.2021 17:18
  • A-
  • A
  • A+

“Ulu öndər akademik elmin yaddaşında” mövzusunda tədbir keçirilib

Mayın 7-də AMEA-nın Aşqarlar Kimyası İnstitutunun YAP ərazi təşkilatı, Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Ulu öndər akademik elmin yaddaşında” mövzusunda tədbir keçirilib.

Tədbiri institutun direktoru, akademik Vaqif Fərzəliyev açaraq ümummilli liderin tarixi şəxsiyyət kimi keyfiyyətlərindən və müasir Azərbaycanın formalaşmasında göstərdiyi xidmətlərdən danışıb.

V.Fərzəliyev bildirib ki, məhz ulu öndərin dəstəyi ilə Azərbaycan alimlərinin UNESCO və UNIDO beynəlxalq təşkilatlarının ekspertləri kimi xarici ölkələrdə çalışmaları mümkün olub: “SSRİ rəhbərliyi adətən belə məsələlərdə ittifaq respublikaları arasında ayrı-seçkiliyə yol verərək Rusiya, Ukrayna və Belarusdan olan mütəxəssisləri irəli çəkirdi. Ancaq o dövrdə məhz Heydər Əliyev Moskva qarşısında məsələ qaldırmışdı ki, niyə beynəlxalq təşkilatların fəaliyyətində yalnız yuxarıda adları sadalanan respublikalar iştirak edir, yüksək elmi potensiala malik olan Azərbaycan iştirak etməməlidir? Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft və qaz ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə kimya sənayelərini inkişaf etdirmədən güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil”.

Akademikin sözlərinə görə, ümummilli liderin tövsiyələrinə uyğun olaraq, AMEA-nın neft-kimya təmayüllü elmi tədqiqat institutları və respublikanın bu sahədə fəaliyyət göstərən digər elmi mərkəzləri qeyd olunan sahələrdə araşdırmalarını genişləndirib və bir çox uğurlu nəticələrə imza atıblar. Aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.

Sonra YAP İdarə Heyətinin üzvü, institutun elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev “Akademik elmin yaddaşında ümummilli lider” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, ümummilli lider tarixi fərmanlarla AMEA-ya milli, eləcə də ölkədə elm siyasətini həyata keçirən mərkəzləşmiş ali dövlət orqanı statusları verib, nəticədə onu yeni mərhələdə inkişaf etdirib, Azərbaycanın milli sərvəti kimi qoruyub saxlayıb.

Ə.Sucayev qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Tədbirdə digər çıxış edənlər də ulu öndərin dövlətimiz və xalqımız üçün tarixi xidmətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: