Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olacaq
17.05.2021 16:18
  • A-
  • A
  • A+

“Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olacaq

Mayın 19-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Anadır arzulara hər zaman Qarabağ” adlı sərginin açılışı olacaq.

Azərbaycanın Vətən müharibəsində parlaq qələbəsi və torpaqlarımızın azad edilməsinə həsr olunmuş sərgi döyüş iştirakçılarına məxsus eksponatlar əsasında qurulub. Muzey əməkdaşları tərəfindən yüzlərlə şəhid və qazilərin ailələri ilə əlaqələr qurulub, onlardan real tarixi eksponatlar qəbul edilərək muzeyə daxil edilib. Eksponatların çoxluğu nəticəsində muzeyin strukturunda dəyişiklik edilib və “Vətən müharibəsi fondu” yaradılıb ki, müharibəyə aid bütün növ eksponatlar bu fonda təhvil verilib.

Sərgi xronoloji prinsip əsasında qurulub. Bu sərgidə Tovuz döyüşlərinin iki qəhrəmanı (general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev), həmçinin Vətən müharibəsinin 101 şəhid və qazisinin əşyaları nümayiş olunacaq. Hərbi uniforma, ləvazimat, qəlpə və güllələr, şəxsi sənədlər, fotoşəkillər göstəriləcək. Sərginin hər bölməsində müvafiq informasiya panelləri yerləşdirilib. Sərgidə müvafiq dövlət qurumları tərəfindən təqdim edilmiş eksponatlar, həmçinin Ermənistan ordusundan qənimət götürülmüş hərbi geyim, ləvazimat, şəxsi sənədlər də nümayiş etdiriləcək.

Qeyd edək ki, ümumilikdə sərginin eksponatları 30 vitrindən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: