Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Ələşrəf Əlizadənin 110 illik yubileyi qeyd olunub
24.05.2021 13:26
  • A-
  • A
  • A+

Akademik Ələşrəf Əlizadənin 110 illik yubileyi qeyd olunub

AMEA-nın Yer Elmləri Bölməsi ilə Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şuralarının, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin və Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının Azərbaycan bölməsinin akademik Ələşrəf Əlizadənin 110 illik yubileyinə həsr olunmuş “Karbohidrogenlərin yaranması, miqrasiyası və yığılması” mövzusunda XXI respublika elmi konfransı keçirilib.

Tədbirdə çıxış edən Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə bildirib ki, görkəmli geoloq, pedaqoq, SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin fəxri neftçisi, Türkmənistan SSR-in Əməkdar elm və texnika xadimi, akademik Ələşrəf Əlizadə Azərbaycan SSR EA-nın yaradıcılarından biri olub. Qeyd edib ki, Ə.Əlizadə 1944-cü ildə “Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi” mövzusunda monumental tədqiqat işini tamamlayaraq müdafiə edib və geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini alıb. Azərbaycan SSR-in əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparıb, bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Sanqaçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak edib. Onun “Yer və zəlzələlər”, “Azərbaycanın akçaqılı”, “Türkmənistanın akçaqılı”, “Azərbaycanın sarmatı”, “Azərbaycanın paleogen yataqları” və s. əsərləri elm xəzinəmizə qiymətli töhfə kimi daxil olub. Böyük alim 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə, 1946-cı ildə isə orijinal konstruksiyalı kiçik qabaritli elektroperforator cihazını işləyib hazırladığına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

GGİ-nin direktoru vurğulayıb ki, akademik Ələşrəf Əlizadə geniş diapazonlu alim, nadir istedad sahibi idi: “Türkmənistan neft geologiyasının inkişafında Ə.Əlizadəyə məxsus elmi məktəbin böyük rolu olub. Çünki o, özü məşhur alimlərin məktəbini keçmişdi. Dərin elmi  və praktik təcrübəsi zəngin olan Ələşrəf Əlizadə məsul vəzifələrdə rəhbər kimi də nümunəvi idi. Təsadüfi deyil ki, elmi əsərləri ilə yanaşı, pedaqoji fəaliyyəti, həmkarlarla rəftarı onu zamanın qüdrətli elmi dəstəsinin parıldayan ulduzu kimi unudulmaz edib”.

Sonra geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahvələd Köçərlinin “Azərbaycanda neft geologiyasının inkişafı və akademik Ələşrəf Əlizadənin elmi irsi” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, böyük alim 1946-1948-ci illərdə “Azneft” və “Azneftkəşfiyyat” birliklərinin rəisi, sonrakı illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışıb. Daha sonra AzETLİ-nin direktoru, Azərbaycan SSR EA İ.M.Qubkin adına Geologiya İnstitutunda (hazırda Geologiya və Geofizika İnstitutu) Regional geologiya və tektonika şöbəsinin müdiri vəzifəsini daşıyıb. Ümumittifaq paleontologiya cəmiyyətinin fəxri üzvü, Qubkin adına mükafatın laureatı, SSRİ Ali Sovetinin deputatı olmuş elm fədaisi Ə.Əlizadə iki dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni və s. medallarla təltif edilib.

Sonda mövzu ətrafında alimlər çıxış edərək Ə.Əlizadə ilə bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: