Fevralın 9-da AMEA Rəyasət Heyətində “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” Komissiyasının növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə komissiyanın sədri, AMEA prezidenti, akademik Akif Əlizadə açaraq işçi qruplarında fəaliyyət göstərən tədqiqatçı alimlərin qarşısında duran vəzifələrdən danışıb. Akademiya rəhbəri bu sahədə nəzərdə tutulan planlardan və mövcud problemlərdən danışaraq qeyd edib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməlidir. Göstərilən istiqamətlər üzrə kitab və xəritələrin nəşri, tarixi mövzuda zəngin faktlarla əhatə olunan elmi məqalələrin xarici dillərə tərcümə olunaraq təbliğ edilməsinin ermənilərin uydurma “faktlar”a uyğun yaydıqları informasiyalara tutarlı cavab olduğunu vurğulayan AMEA prezidenti soyqırım tədqiqatlarının, o cümlədən Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında AMEA alimlərinin qarşısında duran vəzifələrdən danışıb.
Komissiyanın sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli soyqırım tədqiqatları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin imzaladığı “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair Fəaliyyət Planı”nda AMEA qarşısında da konkret vəzifələrin qoyulduğunu xatırladan akademik İsa Həbibbəyli elmi-tədqiqat müəssisələrində keçiriləcək beynəlxalq konfransların böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Akademik İsa Həbibbəyli AMEA-da Azərbaycanlılara qarşı soyqırımlar muzeyinin yaradılması, “Azərbaycan tarixi – hər bir ölkəyə” kitab mübadiləsi layihəsinin həyata keçirilməsi, soyqırımları əks etdirən tarixi xəritələrin və elektron variantlarının hazırlanması, işğal olunmuş ərazilərdəki Azərbaycan toponimlərinin ingilis, rus, fransız və ərəb dillərində düzgün orfoqrafik yazılış kataloqunun hazırlanması, azərbaycanlılara qarşı soyqırımlara həsr edilmiş elmi konfransların keçirilməsi, bu mövzuda KİV-də məqalələrin çap edilməsi, kitabların təqdimatı və müzakirəsi, soyqırımlara dair rəsm sərgilərinin təşkili və s. məsələlər barədə ətraflı danışıb. Hər bir məsələyə dair məsul şəxslərin təyin olunduğunu qeyd edən akademik İsa Həbibbəyli işçi qruplarında təmsil olunan alimlərin qaşısında qoyulan konkret vəzifələri diqqətə çatdırıb.
Müzakirələrdə akademiklər Qərib Məmmədov, Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Muxtar İmanov, Ərtegin Salamzadə, Mərkəzi Elmi Kitabxananın direktoru, tibb elmlər üzrə fəlsəfə doktoru Leyla İmanova və başqaları çıxış edərək fikir mübadiləsi aparıblar, mülahizə və təkliflərini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.