Bu il mayın 9-da 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) “1941-1945-ci illər Böyük Vətən müharibəsinin qələbəsində alimlərin rolu” mövzusunda konfrans keçirməyi planlaşdırır. Bundan əlavə, Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan “Biz nasizmə qarşı birlikdə idik” mövzusunda beynəlxalq sərgi layihəsində AMEA-nın iştirakı nəzərdə tutulur.
AMEA Rəyasət Heyətinin bugünkü iclasında Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə müvafiq tədbirlərin keçirilməsini təmin etmək məqsədilə qərar qəbul edilib. Qərara əsasən, bu il mayın 5-də Respublika Veteranlar Şurası ilə birlikdə “Böyük Vətən Müharibəsinin Qələbəsində Azərbaycan alimlərinin rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilini təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb.
Tədbirlər planına uyğun olaraq, Georgi Zaplatinin Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinin qələbəsinə verdiyi töhfələri əks etdirən “Vətənə və elmə xidmət etdilər...” kitabının yenidən işlənilmiş variantı nəşr ediləcəkdir.
Qərarın icrasına nəzarət AMEA prezidenti, akademik Akif Əlizadəyə həvalə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.