Fevralın 13-də AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyada təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı müşavirə keçirildi.
Tədbirdə Təhsil şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov və AMEA elmi müəssisələrinin doktorant və dissertantları iştirak edirdilər.
Müşavirədə çıxış edən Elm və təhsil idarəsinin rəisi, texnika üzrə elmlər doktoru Əminağa Sadıqov son zamanlar AMEA-da elm və təhsil sahəsində mühüm məsələlərin müzakirə olunduğunu və vacib qərarların qəbul edildiyini diqqətə çatdırdı. Akademiyada aparılan islahatlar, struktur dəyişiklikləri barədə məlumat verən Ə.Sadıqov bu sahədə həyata keçirilən tədbirlərdən də söz açdı. Bildirdi ki, AMEA-da təhsilin təkmilləşdirilməsi istiqamətində Gənc alim və mütəxəssislər şurası aparıcı rol oynamalıdır.
Tədbirdə AMEA-da təhsil prosesinin təkmilləşdirilməsi ilə bağlı məsələlər, o cümlədən elmlə təhsilin səmərəli inteqrasiyasının təmin edilməsi, akademiyada magistratura təhsilinin təşkili, istedadlı gənclərin AMEA-nın magistraturasına və doktoranturasına cəlb edilməsi ilə bağlı məsələlər müzakirə edildi.
İclasda, həmçinin AMEA-da təhsil prosesində mövcud olan problemlərin aradan qaldırılması, imtahanlarda şəffaflığın təmin olunması, elmi məqalələrin dərc edilməsi zamanı doktorant və dissertantların üzləşdikləri problemlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.