Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“ARB 24” kanalında YT Parkın inkubator rezidentliyinə seçim müsabiqəsinin qalib layihəsi barədə videosüjet yayımlanıb
02.07.2021 11:26
  • A-
  • A
  • A+

“ARB 24” kanalında YT Parkın inkubator rezidentliyinə seçim müsabiqəsinin qalib layihəsi barədə videosüjet yayımlanıb

“ARB 24” televiziya kanalında AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi məqsədilə keçirilən inkubator rezidentliyinə seçim müsabiqəsinin qalib layihəsi barədə videosüjet yayımlanıb.

Bildirilib ki, ideya mərhələsində olan startapları prototip hazırlamaq səviyyəsinə çatdırmaq və bazarda investor axtarışına dəstək göstərməyi hədəfləyən müsabiqənin 21 layihə arasından qalibi müstəqil layihə rəhbəri Nadir Babaxanovun “GÖZ – N1” pilotsuz uçan aparat (PUA) layihəsi olub.

Videosüjetdə aprel döyüşləri qazisi N.Babaxanov müəllifi olduğu kəşfiyyat məqsədli və kamikadze kimi istifadə oluna biləcək dronun ilkin quruluşu və hazırlanma mərhələsi barədə məlumat verib.

Qeyd olunub ki, kompakt, istifadəsi asan və tamamilə modul olan “GÖZ – N1” layihəsi istənilən hava şəraitində istifadə oluna biləcək. Video və idarəetmə paneli üçün xüsusi olaraq hazırlanmış sistem və proqram təminatı tapşırıqdan asılı olaraq kamera və idarəetmə panelini dəyişdirməyə imkan verəcək. “GÖZ – N1”i istənilən ərazidə 30 saniyəyə uçuş vəziyyətinə gətirmək mümkün olacaq.

Hərbi sənaye, fövqəladə hallar zamanı, geologiya və zoologiya sahələrində, eləcə də mühafizə məqsədilə istifadə oluna bilən PUA müşahidə, foto və video çəkiliş, gecə görmə və termal kameralarla təchiz olunub.

Süjetdə YT Parkın icraçı direktoru Zaur Nəhmətov bildirib ki, müsabiqənin şərtlərinə əsasən, layihənin rəhbərinə texnoparkda inkubator rezident olmaq imkanı verilib və bu layihənin prototip xərcləri texnopark tərəfindən qarşılanacaq. O, prototipin 4-5 ay ərzində hazırlanması və satış mərhələsinə çatdırılmasının nəzərdə tutulduğunu deyib.

Videosüjeti buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: