Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Birgə əməkdaşlıqda yeni mərhələ
31.07.2021 12:17
  • A-
  • A
  • A+

Birgə əməkdaşlıqda yeni mərhələ

Azərbaycanın Vətən müharibəsi – Qarabağ savaşı zamanı birbaşa etibarlı dəstəyini əyani şəkildə gördüyü Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikası ilə əlaqələri postmüharibə dövründə daha da inkişaf edib möhkəmlənməkdə davam edir. Bu mənada Azərbaycan, Türkiyə və Pakistan Parlamenti sədrlərinin qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalamaları ölkələrimizin Prezidentləri səviyyəsində formalaşdırılmış qarşılıqlı etimad şəraitinin Parlament sədrləri miqyasında da davam etdirilməsinə təminat verir. Üç tanınmış dövlətin spikerlərinin Bakı görüşləri, müzakirəyə çıxarılan məsələlər və əldə olunan nəticələr parlamentlərarası əlaqələrin qarşısında duran ortaq vəzifələrin müəyyən olunması və həyata keçirilməsinin təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Parlamentlərarası əməkdaşlıq müqavilələrinin Bakı Bəyannaməsi adlandırılması diqqətin daha çox Bakıya cəlb edilməsindən başqa, üçtərəfli görüşlərin təşkilində, proseslərin irəli aparılmasında Bakının üzərinə düşən vəzifələrin məsuliyyətini bir daha artırır.

Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlər səviyyəsində yeni bir siyasi dialoq üçün geniş meydan açır.

Bakı Bəyannaməsi – siyasi əhəmiyyətinə və məqsədlərinə görə Azərbaycan – Türkiyə və Pakistan Parlamentarilərinin Şuşa Bəyannaməsidir.

Azərbaycanın, Türkiyənin və Pakistanın Parlamentləri sədrlərinin imzaladıqları Bakı Bəyannaməsi parlamentlərarası dostluq qruplarının, parılamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsində yeni mərhələ açacaq və fərqli bir inkişaf səviyyəsinə nail olmaq üçün imkanlar yaradacaqdır.

Azərbaycan, Türkiyə və Pakistan Parlamentlərinin imzaladıqları Əməkdaşlıq haqqında müqavilə ölkələrimiz arasındakı dostluq və əməkdaşlığı, müttəfiqliyi daha da inkişaf etdirmək üçün yeni əməkdaşlıq platformasıdır.

Bakı Bəyannnaməsi sülh, əməkdaşlıq, birlik və həmrəylik bəyannaməsi kimi gələcək inkişaf üçün böyük perspektivlər açır.

İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: