Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının V cildi işıq üzü görüb
01.08.2021 14:47
  • A-
  • A
  • A+

“1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının V cildi işıq üzü görüb

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının 5-ci cildi işıq üzü görüb.

Kitabın elmi redaktoru AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovdur.

Sovet vaxtı iddia edilirdi ki, 1920-ci ilədək ali məktəblərdə yalnız 62 azərbaycanlı təhsil alıb. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir. Əsər müəlliflərin Bakı, Moskva, Sankt-Peterburq, Kazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallin, Tbilisi kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli gərgin araşdırmalar apardıqdan sonra oradan gətirdikləri zəngin sənədlər əsasında qələmə alınıb.

Beşinci cilddə soyadları “M” hərfi ilə başlanan 97 soydaşımız haqqında məlumat verilib. Onların sırasında Azərbaycanın ictimai-siyasi, mədəni və elmi həyatında çox mühüm xidmətləri olmuş Həbib bəy Mahmudbəyli, Teymur bəy Makinski, Abbas Səhhət Mehdizadə, Əbdülkərim bəy Mehmandarov və onun övladları, Qazıəhməd bəy Məhəmmədbəyov, Mirzə Yusif Xan Məhəmmədbəyov, Xudadad bəy və Teymur bəy Məlikaslanov qardaşları, Həsən bəy Məlikzadə-Zərdabi və onun oğlu Midhət bəy, qardaşı oğlu Rəhim bəy, Miryusif Mirbabayev, Miryaqub Mirmehdizadə, Hüseyn bəy Mircamalov, Mirzələtif Mirzəyev, Canbaxış bəy Muğanlinski, Süleyman bəy Musabəyov, Qəzənfər Musabəyov, Əliheydər Mustafabəyov (Şirvani) və başqalarının nadir arxiv sənədlərinə əsasən geniş tərcümeyi-halı verilib.

Qeyd etmək lazımdır ki, onların əksəriyyəti haqqındakı məlumatlarla oxucular ilk dəfə tanış olacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: