Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan üçün də sınaq məqamı
02.08.2021 13:57
  • A-
  • A
  • A+

Azərbaycan üçün də sınaq məqamı

Qardaş Türkiyədəki meşə yanğınları hər bir azərbaycanlını ürəkdən ağrıdır. Türkiyənin zəngin təbiəti, təbii gözəllikləri, nadir meşə sərvətləri, heyvanlar aləmi od tutub yanır. Qəlbimiz ağrıyır. Azərbaycan xalqı Türkiyə vətəndaşları qədər bu böyük fəlakəti ürək ağrısı ilə qarşılayır. Bütün varlığımızla Türkiyədəki qardaş və bacılarımızın yanında olduğumuzu bildiririk.

Azərbaycan dövləti qardaş Türkiyənin bu böyük bəladan xilas olması üçün imkanlarından da artıq qüvvə sərf edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbii fəalakətin baş verdiyi ilk anlarda verdiyi bəyanat on milyonluq xalqımızın hər bir vətəndaşının ürək sözlərinin, narahatlıq və həyəcanlarının ifadəsidir. İndi Azərbaycanda bu fəlakətdən narahat olmayan, acı təəssüf və həyəcan keçirməyən vətəndaş yoxdur. Qarabağ müharibəsində olduğu kimi, bu gün də Azərbaycan – Türkiyə, Türkiyə – Azərbaycandır. Təbiətin bu arzuedilməz sınağı Azərbaycanla Türkiyəni bir daha qardaşlaşdırır, birləşdirir. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bir daha özünün varlığını nümayiş etdirir. Türkiyənin meşə yanğınlarından xilas olması, bu böyük fəlakətin aradan qaldırılması Azərbaycan üçün də böyük sınaq və məsuliyyətli bir vəzifədir.

İnanırıq ki, Türkiyəni bürüyən alov söndürüləcək, qardaş türk xalqının başının üstündən duman çəkiləcəkdir. Bu dəhşətli fəlakəti törədən qatillər, namərdlər və xainlər cəzalarına çatacaqlar.

Qardaş Türkiyə Azərbaycanla birlikdə bu ağır sınaqdan da çıxacaqdır!

Hər an yanındayıq, Türkiyə!

İsa HƏBİBBƏYLİ, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: