Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Rusiya tarixçisi və yazıçısı Rudolf İvanovun 90 illik yubileyi qeyd olunacaq
02.08.2021 14:51
  • A-
  • A
  • A+

Rusiya tarixçisi və yazıçısı Rudolf İvanovun 90 illik yubileyi qeyd olunacaq

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurası Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında və digər elmi-tədqiqat institutları ilə birlikdə görkəmli rus yazıçısı və tarixçisi, professor Rudolf İvanovun anadan olmasının 90 illiyinin qeyd edilməsi haqqında qərar qəbul edib.

Azərbaycan xalqının yaxın dostu olan Rudolf Nikolayeviç İvanov ölkəmizin XIX-XX əsrlər tarixinə həsr edilmiş çoxcildlik əsərlərin müəllifidir. O, müstəqillik dövrü Rusiya qafqazşünaslığının əsas yaradıcılarından biridir. Onun Azərbaycan xalqının keşməkeşli tarixinə həsr edilmiş kitabları Rusiya arxivlərindən aşkara çıxarılmış zəngin və nadir faktların, sənədlərin və materialların geniş ictimaiyyətə çatdırılmasına uğurla xidmət edir. Rudolf İvanovun Naxçıvan generalları haqqında çap etdirdiyi 5 cildlik kitablar ölkəmizin adlı-sanlı oğulları haqqında əsil həqiqətlərin açılıb göstərilməsinə tam aydınlıq gətirir.

Rudolf Nikolayeviç İvanovun xalqımızın böyük oğlu, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanov haqqında nəşr etdirdiyi sənədli elmi əsər bu böyük şəxsiyyətə dair sanballı elmi əsərlərdən biri kimi qəbul olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli tarixçi və yazıçı Rudolf Nikolayeviç İvanov Azərbaycan-Rusiya əlaqələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunmuş, Naxçıvan MR Ali Məclisinin qərarı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.

Yubiley münasibətilə tanınmış azərbaycanşünas alim və yazıçı Rudolf İvanovun həyatı və elmi fəaliyyətinə həsr edilmiş elmi sessiya keçiriləcək, kitablarından ibarət sərgi təşkil olunacaq, haqqında mətbuatda məqalələr çap etdiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: