Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyevdən çağırış: “Alim və ziyalılar biliklərini təmənnasız olaraq bölüşməlidir”
16.08.2021 12:55
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyevdən çağırış: “Alim və ziyalılar biliklərini təmənnasız olaraq bölüşməlidir”

AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev institutun onlayn elmi seminarında rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən alim və mütəxəssisləri, tədqiqatçıları, eləcə də bütövlükdə ölkə ziyalılarını kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə fəal olmağa, bilik və təcrübələrini paylaşmağa çağırıb.

Akademik bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunda uzun illərdir ki, elmi fəaliyyət uğurla təşkil olunur. Alim və tədqiqatçılar informasiya texnologiyaları və informasiya cəmiyyətinin inkişafına mühüm töhfələr verirlər. İnstitutun beynəlxalq əlaqələri günü-gündən genişlənir, bu qurumun əməkdaşlarının müəllifi olduğu, prioritet  istiqamətlərdə aparılan tədqiqatların nəticələri dünyanın nüfuzlu, yüksək impakt faktorlu jurnallarında öz əksini tapır.

“Əldə olunan elmi biliklərin təmənnasız olaraq paylanması və yüksəkixtisaslı kadrların yetişdirilməsi institutun ən böyük mənəvi dəyərlərindən biridir”, - deyən R.Əliquliyev bu istiqamətdə ardıcıl tədbirlərin görülməsi, biliklərin bölüşdürülməsi ideologiyasının daha geniş miqyasda yayılması və gənclərdə bu təfəkkürün formalaşdırılmasının vacibliyini vurğulayıb.

Akademikin fikrincə, ümumi xarakter daşıyan metodlar vardır ki, informasiya texnologiyalarının elmi-nəzəri problemlərinin tədqiqi zamanı onlara böyük ehtiyac yaranır. Bu da məqalələrin hazırlanma qaydası, ümumi tədqiqat modelləri, ilkin anlayışlar, riyazi üsullara dair biliklərin mütəmadi olaraq bölüşdürülməsini zəruri edir. Qeyd olunanları nəzərə alaraq, institutda “Süni intellektin nəzəri əsasları” mövzusunda təlim xarakterli, interaktiv seminarların keçirilməsi məqsədəuyğundur:

“Çoxtərəfli diskussiya formatında keçirilməsi nəzərdə tutulan seminarlarda maşın təlimi, neyron şəbəkəsi, model və metodlar, o cümlədən gənc tədqiqatçılar üçün zəruri olan digər qabaqcıl elmi biliklərə dair müzakirələrin, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur. Əminik ki, bu seminarlar müvafiq elmi istiqamətlər üzrə yeni sosial intellektual mühitə çevriləcək”.

AMEA-nın vitse-prezidentinin sözlərinə görə, bu kimi interaktiv seminarlar institut əməkdaşları arasında birgə fəaliyyətin təşkili, riyazi biliklərin dərinləşdirilməsi, gənclərin elmə həvəsləndirilməsi, institutun elmi potensialının gücləndirilməsi və daha səmərəli nəticələrin əldə edilməsi üçün mühüm platforma rolunu oynayacaq.

Akademik Rasim Əliquliyev, həmçinin öz çıxışında Azərbaycan elmi ictimaiyyətinə müraciət edib. O, alim və ziyalıları ölkədə milli şüur və təfəkkürün formalaşdırılmasına töhfə verməyə, elmi bilikləri təbliğ etməyə çağırıb. Qeyd edib ki, XXI əsrdə Azərbaycan ziyalısının əsas missiyası bilik və təcrübələri təmənnasız olaraq bölüşdürmək, cəmiyyəti maarifləndirmək və gənclərin elmə cəlb edilməsi yönündə səyləri birləşdirməkdir.

Biliklərin ictimai əlçatanlığının vacibliyindən danışan akademik, hər bir alimin elmi biliklərin peşəkar səviyyədə populyarlaşdırılmasında əhəmiyyətli rola malik olduğunu deyib: “Alimlər cəmiyyətdə elm və elmi biliklərin təbliğində fəallıq nümayiş etdirməli, intellektual potensial fonunda ziyalıların cəmiyyətə təsiri artırılmalıdır. Bu məqsədlə kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışların edilməsi, sosial şəbəkələrin, video resurslarının imkanlarından geniş olunması xüsusi əhəmiyyət kəsb edir”.

AMEA-nın vitse-prezidenti Azərbaycan alimlərinin əldə etdiyi mühüm elmi nəticələrlə bağlı məlumat xarakterli videomaterialların hazırlanmasının son dərəcə vacib olduğunu söyləyib. Bildirib ki, bu kimi tədbirlər hər bir alimin sosial impakt faktorunun qiymətləndirilməsində, ziyalılıq funksiyasının həyata keçirilməsində mühüm rola malikdir.

Akademik qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili üçün dəstək göstərməyə hər zaman hazır olduğunu da vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: