Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü beynəlxalq konfransda iştirak edib
23.08.2021 16:35
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü beynəlxalq konfransda iştirak edib

Rusiya Federasiyasının Cənubi Ural Dövlət Universitetinin və “Ratio” Filosof-praktiklər Assosiasiyasının ev sahibliyi ilə Fəlsəfi Praktika üzrə ikinci beynəlxalq onlayn konfrans keçirilib.

Məlumat üçün bildirək ki, fəlsəfi praktika, yaxud fəlsəfi məsləhətləşmə ilk dəfə XX əsrin 80-ci illərin əvvəllərində psixologiyadan və pixoterapiyadan tamamilə ayrılan bu yeni cərəyan alman filosofu Gerd B. Achenbachın yaratdığı Alman Fəlsəfi Praktika və Məsləhətləşmə Cəmiyyətində təcrübədən keçirilib. Bununla belə fəlsəfi məktəb Avropada deyil, məhz Birləşmiş Ştatlarda geniş vüsət qazanıb və ilk dəfə orada 1992-ci ildə Elliot D. Cohen, Paul Sharkey, Thomas Magnell kimi filosoflar tərəfindən Milli Fəlsəfi Məsləhətləşmə Assosiasiyası (NPCA) yaradılıb. Hazırda belə assosiasiyalar, cəmiyyətlər artıq Avropanın bəzi ölkələrində, o cümlədən Türkiyə və Rusiyada da yaradılıb, bu sahədə geniş araşdırmalar aparılır, təcrübələr keçirilir, konfranslar təşkil edilir. Hələ 2020-ci ildə Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbir pandemiya ilə əlaqədar onlayn təşkil olunub.  

Konfransı yeni fəlsəfi məktəbin yaradıcısı Prof. Gerd B. Achenbach açaraq müasir dövrdə fəlsəfi praktikanın əhəmiyyətini vurğulayıb və bu məktəbə qoşulmuş mütəxəssis və alimlərə uğur arzu edib. 10 gün davam edən konfrans ayrı-ayrı mühazirəçilərin çıxışları ilə yanaşı, həm də bu sahənin tanınmış mütəxəssislərinin onlayn kursları, müəyyən mövzular ətrafında keçirilən dəyirmi masalar və kitab təqdimatları ilə də zəngin olub. 52 ölkədən 500 iştirakçının qatıldığı beynəlxalq tədbirdə tanınmış filosoflarla yanaşı, bu sahədə yeni fəaliyyətə başlayan gənc filosoflar da iştirak ediblər.

Mötəbər tədbirdə Azərbaycanı AMEA-nın müxbir üzvü, İslam fəlsəfəsi şöbəsinin müdiri Könül Bünyadzadə təmsil edərək “Fəlsəfi məsləhətləşmədə Sufizm metod olaraq” məruzəsi ilə çıxış edib. K.Bünyadzadənin çıxışı dinləyicilər arasında xüsusi marağa səbəb olub və ona çoxsaylı suallar verilib, mövzu ətrafında müzakirələr aparılıb.

Bundan əlavə, Könül Bünyadzadə Prof. Gerd B. Achenbachın və fəlsəfi məsləhətləşmənin Amerikada tanınmış mütəxəssisi hesab edilən Prof. Lou Marinoffun kurs və dəyirmi masalarında da iştirak edib, müzakirələrə qoşulub.

Konfransdakı məqalələrin aktuallığını nəzərə alaraq Konfransın Təşkilat Komitəsi ən maraqlı məruzələri “APPA's Journal”ının (Amerika Fəlsəfi Praktika Assosiasiyasının Jurnalı) xüsusi sayında nəşr etmək qərarını verib. Könül Bünyadzadənin məqaləsi də onların sırasındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: