Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2015 00:00
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Xocalısız” adlı tədbir keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində “Xocalısız” adlı tədbir keçirilib

Fevralın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyi ilə birgə Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan “Xocalısız” adlı anma tədbiri keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı Xocalı soyqırımının bəşər tarixində ən qanlı cinayətlərdən olduğunu, bu faciənin xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan və o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın hərbçiləri ilə birlikdə dünyanın gözü qarşısında tarixdə bənzəri olmayan qəddarlıq və vəhşiliklə Xocalı soyqırımını törədiblər.

Xocalı faciəsinə ilk dəfə siyasi-hüquqi qiymətin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdıran N.Vəlixanlı ermənilərin Xocalıda törətdikləri soyqırımı ilə bağlı həqiqətlərin bu gün dünya miqyasında təbliğində Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun misilsiz xidmətlərini vurğulayıb.

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyi direktorunun müavini, Əməkdar mədəniyyət işçisi Gülnar Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Zərəngiz Mansurova çıxış edərək Xocalı soyqırımının baş verməsinin səbəbləri və dəhşətli nəticələri haqqında danışıblar. Bildirilib ki, bu terror son 200 ildə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı aparılan soyqırımı siyasətinin ən qəddar mərhələsidir.

Anım tədbirində Bakı Uşaq Teatrının “Günay” uşaq studiyası tərəfindən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Larisa Tarusovanın bədii rəhbərliyi ilə Z.Mansurovanın “Cavab ver” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Sonda M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş musiqi nömrələri ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: