Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Qarabağ: Zəfərə gedən yol” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb
30.08.2021 10:04
  • A-
  • A
  • A+

“Qarabağ: Zəfərə gedən yol” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Naxçıvan Müəllimlər İnstitutunun və “Elger” Beynəlxalq Elm Mərkəzinin təşkilatçılığı əsasında İsveçin Qothenburq Universiteti ilə birlikdə “Qarabağ: Zəfərə gedən yol” mövzusunda XVII Beynəlxalq elmi konfrans keçirilib.

Onlayn beynəlxalq konfransın girişində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təmsilçisi Sərxan Cəfərov və “Elger” Elm və Təhsil Mərkəzinin Türkiyədəki təmsilçisi dosent Ellada Gərayzadə tədbirin məqsədləri və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.

Türkiyənin Qafqaz Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölməsinin rəhbəri dosent İlkin Qulusoyun sədrliyi ilə keçirilən rəsmi hissədə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant, professor Heydər Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru dosent Yusif Əliyev, AMEA-nın Coğrafiya İnstitutunun baş direktoru, dosent Zakir Eminov, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, dosent Çapay Quliyevin və başqalarının çıxışları dinlənilib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı rəşadətli qələbənin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğulayan çıxışçılar xalqımızın haqq mübarizəsində qarşıda duran vəzifələrdən bəhs edərək, hər bir vətəndaşımızı və soydaşımızı daha mübariz olmağa çağırıblar.

Elmi sahədə və media üzərində fəaliyyət istiqamətlərinin daha səmərəli nəticə verməsi üçün təkliflər səsləndirilib.

Məlumat verilib ki, beynəlxalq konfransa Azərbaycan, Qazaxıstan, Türkiyə, İsveç, Ukrayna və Rusiyadan olmaqla 170-dən çox müraciət daxil olub, 95 məqalə elmi heyət tərəfindən dəyərləndirilərək məruzə üçün qəbul edilib.

Qarabağa və Şuşaya həsr olunan videoçarxların nümayişindən sonra tədbir Qothenburq Universitetinin əməkdaşı dosent Səadət Kəriminin sədrliyi ilə davam edib.

Ümumilikdə 8 seksiyada humanitar elmin ayrı-ayrı sahələri üzrə müzakirələr aparılıb.

Çıxışlarda torpaqlarımızın iyirmi faizinin otuz ilə yaxın işğal altında saxlanılması, 44 günlük Vətən müharibəsi sayəsində qazanılan möhtəşəm qələbə və sonrakı siyasi proseslər barədə beynəlxalq ictimaiyyəti daha dəqiq məlumatlandırmaq üçün bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Qeyd edək ki, bu konfransın təşkilində məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, məlum milli faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaq və Azərbaycanın şanlı qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsinin həqiqətləri haqqında fikir mübadiləsi aparmaqdır. Bununla yanaşı, bu konfransın keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: