Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Kosmosun çirklənməsinin təbii mənbəyi məlum olub
03.09.2021 10:24
  • A-
  • A
  • A+

Kosmosun çirklənməsinin təbii mənbəyi məlum olub

Astronomlar qalaktikaların mövcud olduqları mühiti çirkləndirdiyini müəyyən ediblər.

Bu barədə elmi məqalə “The Astronomical Journal Letters” jurnalında dərc olunub.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) bildirilib ki, Aleks Kameron və Din Fişerin rəhbərlik etdiyi astronomlar qrupu Havay adalarında yerləşən Kek Rəsədxanasında ARC (Australian Research Council) tərəfindən maliyyələşdirilən ASTRO 3D layihəsi çərçivəsində qalaktikaların təsvirlərinin alınması üçün yeni sistem tətbiq ediblər. Layihənin məqsədi qalaktikalara axan maddənin, qalaktikanı tərk edən maddədən daha təmiz olması fərziyyəsini təsdiq etmək idi.

Nəhəng qaz buludları qalaktikalar tərəfindən cəzb edilir və ulduz əmələ gəlməsi prosesində istifadə olunur. Bu zaman qalaktikaya istiqamətlənmiş qaz buludu hidrogen və heliumdan ibarət olur. Alimlər “Keck Cosmic Web Imager” adlı yeni cihazdan istifadə edərək təsdiq etdilər ki, bu qazdan yaranmış ulduzlar əsasən ifratyeni partlayışı ilə böyük miqdarda materialı geri atırlar, lakin qalaktikadan atılan material artıq saf olmur, onun tərkibi bir çox digər elementlərdən - oksigen, karbon və dəmirdən ibarət olur.

Qazların qalaktikalar tərəfindən cəzb olunması prosesi akresiya, onların qalaktikadan atılması prosesinə isə “maddə axını” deyilir. Hər iki proses də qalaktikaların böyüməsini, kütləsini və ölçüsünü tənzimləyən vacib mexanizmlərdir. Ancaq indiyə qədər cəzb olunan və atılan maddələrin tərkibi haqqında sadəcə müəyyən fərziyyələr var idi. Ancaq tədqiqatçılar Mrk 1486 qalaktikasının müşahidəsi sayəsində cəzb olunan və atılan qazların tərkibi haqqında daha dəqiq məlumatlar əldə edə biliblər.

Qeyd edək ki, Mrk 1486 qalaktikası Günəşdən təxminən 500 milyon işıq ili məsafədədir və çox sürətli ulduz əmələ gəlməsi dövrünü yaşayır. Bu qalaktika ondakı qazın miqdarını və tərkibini tədqiq etmək üçün əlverişli baxış bucağı altında yerləşir.

“Azərtac”

  • Paylaş: