Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.09.2021 17:35
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası  keçirilib.

İclasın gündəliyinə institutun strukturunun təsdiqi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 iyul 2021-ci il tarixli qərarının müzakirəsi, institutun qarşısında duran əsas vəzifələr, sözügedən müəssisənin 2021-ci ilin qəbul planına əsasən fəlsəfə və elmlər doktorluğu üzrə doktorantura və dissertanturaya sənəd təqdim edən iddiaçılar haqqında məlumat və s.  məsələlər daxil edilib.

İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev təşkilatın strukturu haqqında məlumat verib və müzakirələrdən sonra yeni struktur təsdiq edilib.

Akademik Dilqəm Tağıyev onu da bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli Qərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib. 1 sentyabr 2021-ci il tarixindən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxlərin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Həmin iş və xidmət sahələrinə elm və təhsil müəssisələri də daxildir. Buna görə də institutun vaksin olunmayan əməkdaşları vaksinasiya olunmalı, COVID-19-a yoluxanlar immunitet sertifikatı təqdim etməli, vaksinə əks göstərişi olanlar isə müvafiq sənədi gətirməlidirlər. Akademik qeyd edib ki, hazırda peyvənd COVID-19-a qarşı mübarizədə ən optimal  üsuldur və şöbə müdirləri bu barədə işçilər arasında təbliğat aparmalıdır.

Sonra akademik AMEA-da aparılan islahatlardan danışaraq bildirib ki, bu islahatların əsas hədəflərindən biri iqtisadi tutumlu perspektivli innovativ elmi-tədqiqat işlərinin  genişləndirilməsi və səmərəliliyinin artırılmasıdır. Bu islahatların tərkib hissəsi olaraq institutda da, bəzi kompleks işlər görülməli, elmi-tədqiqat işlərinin səmərəliliyi artırılmalı, gənclərin potensialından düzgün istifadə edilməlidir.

Qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyev AMEA-nın 70 illik yubileyində tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyub. AMEA-nın 2020-2025-ci illər üçün qəbul edilmiş konsepsiyasında bu vəzifələr də nəzərə alınmaqla yeni prioritet istiqamətlər müəyyən edilib. Ölkənin müdafiə qüdrətinin artırılması sahəsində görüləcək işlər, alternativ enerji mənbələri və hidrogen energetikası, monomerlərin istehsalı, korroziya ilə əlaqədar, xüsusilə mövcud su qovşaqlarının təhlükəsizliyi  ilə bağlı görülən işlər, işğaldan azad olunmuş ərazilərin bərpası və orada yerləşən mineral xammal ehtiyatlarının tədqiqi, yüksək texnologiyalar üçün yeni materialların, enerji çeviricilərinin, nanoboruların və nanokatalizatorların alınması, bioaktiv polimerlərin və nanogellərin sintezi kimi mühüm işlərin yerinə yetirilməsi institutun qarşısında duran əsas vəzifələrdir.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: