Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

"Vətənim” verilişinin Azərbaycan cazının ilk parlaq ulduzu Pərviz Rüstəmbəyova həsr olunmuş buraxılışı yayımlanıb
07.09.2021 17:14
  • A-
  • A
  • A+

"Vətənim” verilişinin Azərbaycan cazının ilk parlaq ulduzu Pərviz Rüstəmbəyova həsr olunmuş buraxılışı yayımlanıb

Sentyabr ayının 6-da Azərbaycan cazının 80 yaşı tamam olması münasibətilə “Mədəniyyət” kanalında “Vətənim” verilişinin Azərbaycan cazının ilk parlaq ulduzu alt saksafonçu, cazmen Pərviz Rüstəmbəyova və cazımızın tarixinə həsr olunmuş ilk buraxılışı yayımlanıb.

Veriliş AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında nümayiş olunub.

R.Hüseynov 1980-ci illərin əvvəllərində P.Rüstəmbəyov haqqında yazdığı ilk yazılarını xatırlayıb, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, bəstəkar Tofiq Quliyevin P.Rüstəmbəyov haqqında danışdığı xatirələrindən, 1940-cı ildə onu  öz orkestrinə dəvət etməsindən bəhs edib. 

Akademikin sözlərinə görə, iti musiqi yaddaşına malik P.Rüstəmbəyov bir çox operaları əzbər bilmişdir: “1944-cü ildə məşhur Eddi Rozner qastrolda olarkən bu istedadlı saksofonçunun ifası onu valeh etmiş və E.Rozner onu öz orkestrinə birinci saksofonçu və klarnetçi kimi dəvət etmişdir”.

R.Hüseynov 1941-ci il sentyabr ayının 6-da Azərbaycan Dövlət Cazının ilk konsertinin baş tutmasından söz açıb. Bildirib ki, bu tarixdən milli cazımız Azərbaycan və dünya musiqisinə misilsiz töhfələr bağışlayıb. Akademik ilk konsertin baş tutmasında, alətlərin digər ölkələrdən alınıb gətirilməsində mədəniyyət xadimi, teatrşünas Məmmədsadıq Əfəndiyevin xüsusi xidmətləri olduğunu vurğulayıb.

R.Hüseynov əlavə edib ki, caz musiqiçilərinin bir çoxu kimi P.Rüstəmbəyovun da ömür yolu yarımçıq qırılmış, cəmi 27 il ömür yaşamışdır.

Qeyd edək ki, növbəti günlərdə “Vətənim” verilişinin dəyərli sənətkar P.Rüstəmbəyova və cazımızın tarixinə həsr edilən daha 2 verilişi yayımlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: