Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Elm TV”də qədim daş alətlər hazırlayan gənc arxeoloq haqqında videosüjet yayımlanıb
08.09.2021 15:38
  • A-
  • A
  • A+

“Elm TV”də qədim daş alətlər hazırlayan gənc arxeoloq haqqında videosüjet yayımlanıb

AMEA-nın “Elm TV” internet televiziyasında ölkəmizdə eksperimental arxeologiyanın inkişafına dəstək vermək üçün 3 milyon il bundan əvvəl istifadə olunan qədim dövrlərə aid ibtidai əmək alətləri hazırlayan Arxeologiya və Etnoqrafiya İnstitutunun Neolit-tunc dövrü şöbəsinin əməkdaşı Əjdər Babazadə haqqında videosüjet yayımlanıb.

Süjetdə bildirilib ki, Ə.Babazadə sözügedən dövrün abidələrini araşdıraraq və əmək alətlərinin hazırlanması texnologiyasını dərindən mənimsəyərək öz təşəbbüsü ilə evinin zirzəmisində kiçik bir emalatxana yaradıb.

2018-ci ildən bu sahədə fəaliyyətə başlayan Ə.Babazadə ölkəmizdə qeyd olunan sahə üzrə mütəxəssislərin olmaması səbəbindən eksperimental arxeologiya sahəsindəki biliklərini artırmaq məqsədilə dəfələrlə xarici ölkələrdə arxeoloji tədqiqatlarda və nüfuzlu konfranslarda iştirak edib.

Videosüjetdə Ə.Babazadə hazırladığı artefakt nümunələrində çay daşlarından, bazalt materialından, çaxmaqdaşı, obsidian (dəvəgözü) və digər materiallardan istifadə etdiyini, bu nümunələri müxtəlif bölgələrdə arxeoloji ekspedisiyalarda olduğu zaman topladığını diqqətə çatdırıb.

Gənc arxeoloq gələcəkdə bu emalatxananı genişləndirərək onun akademiya nəzdində fəaliyyət göstərməsi üçün AMEA-nın dəstək göstərməsinə ümid edir. Bununla yanaşı, universitetlərdə daş dövrü əmək alətlərinin hazırlanma üsulu, qədim insanların bu sahədəki təkamül dövrünün tədqiqinə dair seminarların təşkili gənc tədqiqatçının əsas hədəflərindəndir.

Süjetdə, həmçinin qeyd olunub ki, Ə.Babazadə Qarabağ və Muğanın Neolit dövrü abidələrinin yontma daş texnologiyası üzrə araşdırmalar da aparır.

Videosüjeti təqdim edirik:

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: