Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub
13.09.2021 17:10
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev, müəssisənin əməkdaşları – aparıcı elmi işçilər Ülviyyə Məmmədova, professor Mirsəlim Əsədov, elmi işçilər Aygün İsazadə, professor Nizami Zeynalov, böyük elmi işçi Ofeliya Bədəlova və aparıcı elmi işçi Şahin Bağırovun “Catalytic oxidation of n-hexane on immobilized manganese-containing polymer catalyst” məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Journal of Chemical Technology and Metallurgy” jurnalında çapdan çıxıb.

Məqalədə daşıyıcı olaraq istifadə edilən, kvaternizə olunmuş tikilmiş və tikilməmiş poli-4-vinilpiridinə (P4VP) immobilizə olunmuş manqan kompleksindən ibarət yeni katalizatorlar əldə edilib. Bu katalizatorlar n-heksanın maye fazalı oksidləşmə reaksiyası üçün sınaqdan keçirilib. Tədqiqatlar 298-408 K temperatur aralığında, atmosfer təzyiqində və heksan: oksigen = 1: 3.38 molar nisbətlərində aparılıb. N-heksanın katalitik oksidləşməsi nəticəsində göstərilmiş məhsullar - heksan-1-ol, heksan-2-ol, heksan-3-ol, heksanal və heksanon əldə edilib. Alınmış nəticələr göstərir ki, tikilməmiş və N, N/-metilen-bis-akrilamid (MBAA) ilə tikilmiş manqan tərkibli (5 küt. %) polimer katalizatorlar, n-heksanın oksidləşmə reaksiyasında yüksək aktivlik və selektivlik nümayiş etdirirlər. Tikilmiş və tikilməmiş MnP4VP katalizatozu ilə oksigen iştirakında n-heksanın, heksan-1-ol, heksan-2-ol, heksan-3-ol oksidləşmə reaksiyasının sürət konstantı və optimal (303-383 K) temperatur şəraiti müəyyən edilib.

Qeyd edək ki, bu katalizatorların iştirakı ilə normal alkanların oksidləşməsi prosesi daha yumşaq şəraitdə aparılır və geniş tətbiq sahəsinə malik, o cümlədən spirtlər, aldehidlər, ketonlar və s. kimi sənaye əhəmiyyətli məhsulların alınması mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: