Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA əməkdaşlarının böyük əksəriyyəti COVID-19 əleyhinə vaksinasiya olunub
15.09.2021 09:58
  • A-
  • A
  • A+

AMEA əməkdaşlarının böyük əksəriyyəti COVID-19 əleyhinə vaksinasiya olunub

Məlum olduğu kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərara etdiyi son dəyişikliyə əsasən, sentyabr ayının 1-dən dövlət qurumlarının əməkdaşlarının azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Azərbaycan Milli Elmlər Akademiyasında da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə ciddi şəkildə əməl edilir, əməkdaşların COVID-19-a qarşı vaksinasiyasına diqqət yetirilir. Artıq Akademiya əməkdaşlarının böyük əksəriyyəti vaksinasiyadan keçib.

Belə ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ümumilikdə 1341 nəfər, Kimya Elmləri Bölməsi 1057 nəfər, Yer Elmləri Bölməsi üzrə 717 nəfər, Biologiya və Tibb Elmləri Bölməsi üzrə 1273 nəfər, Humanitar Elmlər Bölməsi üzrə 704 nəfər, İctimai Elmlər Bölməsi üzrə isə 840 nəfər COVID-19 əleyhinə 1-ci və ya hər iki doza vaksin olunub, immunitet sertifikatını əldə edib.

Bununla yanaşı, AMEA Rəyasət Heyəti aparatında 243 nəfər, Rəyasət Heyətinin nəzdindəki təşkilatlar – Yüksək Texnologiyalar Parkında 31 nəfər, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi 72 nəfər, Mərkəzi Elmi Kitabxanada 188 nəfər, “Elm” Nəşriyyatında 28 nəfər, Təbiət Tarixi Muzeyində 18 nəfər, o cümlədən Azad Həmkarlar İttifaqında 9 nəfər koronavirus əleyhinə peyvənd olunub.

AMEA-nın regional elmi bölmələri üzrə – Naxçıvan Bölməsi 215, Gəncə Bölməsi 160, regional elmi mərkəzləri üzrə – Şəki Regional Elmi Mərkəzi 91, Lənkəran Regional Elmi Mərkəzi 34 nəfər vaksinasiyadan keçib və ya immunitet sertifikatını alıb.

Qeyd edək ki, AMEA-da əməkdaşlar arasında şəxsi gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etmək barədə maarifləndirmə işləri aparılır. Bununla yanaşı, AMEA-ya gələn qonaqların da COVID-19 pasportlarının olmasına nəzarət edilir.

Həmçinin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri də həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: