Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bakıda sərçələrin sayının kəskin azalması ilə bağlı yayılan məlumatlara zooloq alim münasibət bildirib
15.09.2021 14:31
  • A-
  • A
  • A+

Bakıda sərçələrin sayının kəskin azalması ilə bağlı yayılan məlumatlara zooloq alim münasibət bildirib

Son aylarda insanların yaşadıqları ərazilərdə, o cümlədən şəhərlərdə, xüsusən də Bakı şəhərində dam sərçələrinin sayının azalması ilə bağlı yayılan məlumatlara AMEA-nın Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Əbülfəz Tağıyev münasibət bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təbii-coğrafi şəraiti və quşların miqrasiya yolunun üzərində yerləşməsi onun ornitofaunasının zəngin olmasını təmin edir. Azərbaycanda Sərçəkimilər dəstəsinin Sərçələr fəsiləsinə aid 4 cins, 6 növ qeydə alınıb. Ölkəmizdə qeydə alınan 6 sərçə növündən dam sərçəsi ən çox insan məskulaşan yerlərdə - kəndlərdə, şəhərlərdə və s. rast gəlinir. İnsan yaşayışı olmayan yerləri dam sərçələri də tərk edirlər.

“Bakı şəhərində dam sərçəsinin sayı azalsa da, tez-tez rast gəlmək mümkündür”, – deyə bildirən Ə.Tağıyev onların yay mövsümündə əsasən səhər və axşam saatlarında yaşıllığı çox olan, xüsusən kol tipli yaşıllıqlarda, tut, üzüm, əncir və s. olan yerlərdə kiçik qruplar halında göründüklərini söyləyib.

Mütəxəssis qeyd edib ki, sərçələrin sayının azalmasına yuvalama yerlərinin sıradan çıxması, qidasının kəskin azalması, şəhər mühitinin ab-havası, boz qarğanın bu quşların yumurtalarını, ətcə balalarını məhv etməsi, pişiklərin hücumuna məruz qalmaları və s. öz təsirini göstərir.

O, əlavə edib ki, bu quşlarda ürək döyüntülərinin sayı bir dəqiqədə insanla müqayisədə 10 dəfədən çoxdur. Havada uçarkən isə bu döyüntülərin sayı daha da artır. Bəzən iri şəhərlərdə yüksək desibelli kəskin səslər bu quşların qan təzyiqinin qəfildən kəskin qalxmasına səbəb olmaqla məhvinə də gətirib çıxarır.

“Şəhərlərdə son zamanlar evlərin dam örtüklərində metal konstruksiyalardan daha çox istifadə edilməsi yuvalama yerlərini məhdudlaşdırır”, - deyən Ə.Tağıyev vurğulayıb ki, metal dam örtükləri istidən çox qızdığından bu quşların dəmir konstruksiyalı örtüklərin altında və üzərində yuva qurmağı çətin olur.

Mütəxəssisin sözlərinə görə, sərçələr şəhərlərdə ətraf mühitin dəyişməsinə həssas olduqlarından bioindiqator rolunu oynayırlar: “Təbiətin ayrılmaz tərkib hissəsi kimi onları qorumaq hər birimizin borcudur. Unutmayaq ki, Yer planetinin ömrü burada yaşayan növlərin biomüxtəlifliyindən çox asılıdır. Növlərin sayı azaldıqca Yer planetinin ömrü də ona müvafiq olaraq azalır. Sərçələri şəhərimizdə tez-tez görürəm. Narahatlığa elə ciddi əsas yoxdur”, – deyə Ə.Tağıyev fikrini yekunlaşdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: