Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Folklor İnstitutunun əməkdaşının məqaləsi impakt faktorlu jurnalda nəşr olunub
16.09.2021 12:12
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşının məqaləsi impakt faktorlu jurnalda nəşr olunub

AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Elçin Qaliboğlunun “Azərbaycan  Novruzu və milli dəyərlər” adlı elmi məqaləsi Özbəkistanda çıxan impakt faktorlu jurnalda nəşr olunub (“Азербайджанский Новруз и национальные ценности”; Oriental Renaissance: Innovative, educational, natural and social sciences; Scientific Journal Impact Factor, June 2021). 

Məqalədə Novruz bayramında milli ruhumuzun, qədimliyimizin zəngin çalarlarının  yaşadığı vurğulanır: “Azərbaycan Novruzunun bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir.  Qədimdən bəri varlığın başlıca ünsürlərinə (od, su, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə gərəyi olmayıb. Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz xalq ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb”.

Habelə məqalədə Azərbaycan Novruzunun xalqın bütün gözəl duyğularını, düşüncəsini, ümidini, yaşamağa, yaratmağa olan inadını, başlıcası, inamını özündə yetkin şəkildə birləşdirməsindən söz açılır.

“Novruz bayramı və mətbəx mədəniyyətimiz” bölümündə Azərbaycan mədəniyyətinin zəngin ənənələrə malik olduğu bildirilir: “Zənginliyimiz tariximizin qədimliyindən, böyüklüyündən irəli gəlir.  Bayram və mətbəx anlayışları bir-biri ilə sıx şəkildə bağlıdır. Zəngin mətbəxi olan xalq - qədim tarixi, dövlətçiliyi, ciddi, oturuşmuş mədəniyyəti olan xalq deməkdir. Xalq hadisəsi ötəri, keçici bir hadisə olmayıb, özündə əbədiliyi, bəşəri keyfiyyətləri təsdiq edir”.

Məqalədə, həmçinin ermənilərin Azərbaycanın tarixi əraziləri ilə yanaşı, bütövlükdə mədəniyyətinə, mətbəxinə əsassız iddiasından da danışılır: “Bu gün Azərbaycan mətbəxinin də soraqlarına mənasız iddiaları ilə baş qatan ermənilərin çabalarının əsassızlığı ortadadır. İddia etmək yiyə sayılmaq deyil. Ermənilərin bütün sahələrdə iddialarının əsassızlığını isə tarix çoxdan sübuta yetirib”.

Məqalədə Azərbaycan Novruzunun milli dəyərlərlə bağlılığı əsaslandırılır, bayramın tarixən dövlətçiliyin əsaslarının möhkəmləndirilməsindəki rolu ifadə edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: