Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.09.2021 13:59
  • A-
  • A
  • A+

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçirilib

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçirilib

Sentyabrın 16-da Ağdam şəhərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda iqtisadçı alimlərlə yanaşı, bir sıra hökumət qurumlarının - Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları, ali məktəblərin - Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti müəllimləri və Avropa, ABŞ və Türkiyədən qonaq gəlmiş tədqiqatçılar iştirak ediblər.  

Konfrans iştirakçıları əvvəlcə böyük dağıntıya məruz qalmış Ağdamın müasir vəziyyəti ilə daha yaxından tanış olub, şəhəri viran qoymuş erməni vandalizminin ürək ağrıdan ağır nəticələrinə canlı şahidlik ediblər. Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəsi Emin Hüseynov və bələdçilər Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığı, Çörək Muzeyi, Ağdam Dövlət Dram Teatrı, Cümə məscidi, Mərkəzi meydan və s. barədə qonaqlara geniş məlumat veriblər.

Sonra Ağdamda açıq hava altında beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbirdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, konfransın Təşkilat Komitəsinin sədri Nazim İmanov, Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev açılış nitqi ilə çıxış edib, Qarabağda yeni iqtisadiyyat quruculuğu, regionun elmi əsaslarla gələcək inkişafı baxımından tədbirin əhəmiyyəti, iqtisadçı alimlərin tədqiqatlarının bu baxımdan çox faydalı ola biləcəyi barədə danışıblar.

Professor Nazim İmanovun sədrlik etdiyi konfransın plenar iclasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri” və İqtisadiyyat İnstitutunun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri” mövzusunda məruzələrlə çıxış edib, geniş müzakirələr aparılıb.

Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə beynəlxalq tədbirin iştirakçıları adından müraciət mətni qəbul edilib.

Sentyabrın 17-də professor Nazim İmanovun sədrliyi ilə elmi konfrans onlayn formatda öz işini davam etdirib. Tədbirdə konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, eləcə də “Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı” ilə bağlı aktual mövzular ətrafında tədqiqatçıların məruzələri dinlənilib və müzakirələr aparılıb.

Qeyd edək ki, konfransa 100-dən artıq elmi məqalə təqdim olunub və seçilmiş konfrans materiallarının kitab şəklində çapı nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: