Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Dastanlaşan şanlı zəfər” adlı tədbir keçirilib
21.09.2021 10:08
  • A-
  • A
  • A+

“Dastanlaşan şanlı zəfər” adlı tədbir keçirilib

AMEA-nın Folklor İnstitutunda 27 sentyabr - II Qarabağ savaşında həyatını itirən şəhidlərin Anım Günü ilə bağlı “Dastanlaşan şanlı zəfər” adlı tədbir keçirilib.

Tədbirə qonaq qismində Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin təqaüddə olan əməkdaşı, “Elmi araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov dəvət olunub. Tədbir iştirakçıları öncə Qarabağ savaşında canlarını fəda edən bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov tədbiri açaraq, 44 günlük savaşın sonunda əldə edilən şanlı qələbənin əhəmiyyətindən danışıb. Alim vurğulayıb ki, Azərbaycan dövləti bu qələbəni ilk öncə şəhidlərin qanı, canı hesabına əldə edib. Azərbaycan tərəfi uzun illər məsələnin siyasi həlli üçün çalışıb, diplomotik danışıqlar aparıb. Bütün dünya qurumları – BMT, ATƏT-in Minsk qrupu və s. bu hadisələrin içində olub. BMT-nin Ermənistanın işğalçılıq siyasəti ilə bağlı dörd qətnaməsi olub, lakin qarşı tərəf bu qətnamələrin heç birini yerinə yetirməyib. Akademik  Muxtar İmanov daha sonra bildirib ki, Anım Günündən başlayan bu qələbə Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı olub, ölkəmizin siyasi nüfuzunu, iqtisadi və hərbi gücünü artırmaq üçün geniş imkanlar açıb.

Tədbirdə qonaq qismində qatılan hərbi-siyasi ekspert Telman Qasımov bildirib ki, ziyalıların qarşısında çıxış etmək və o dövrü əhatə etmək özü də böyük bir məsuliyyət tələb edir. 44 günlük müharibəni analiz etdikdə görürük ki, bu prosesdə yaşananların hamısı dövrü mətbuatda öz əksini tapmayıb və tapa da bilməz, çünki bəzi şeylər məxfi saxlanılmalıdır. Telman Qasımov vurğulayıb ki, qısa müddətdə Azərbaycan ordusu kifayət qədər yeni nəsil silah-sursat və texnika ilə təmin olunub, bütün düşmən postları nəzarətə götürülüb. Hərbi texnika ilə yanaşı, Azərbaycan tərəfinin yüksək döyüş bacarığı, Ali Baş Komandanın iradəsi, gənclərin vətən sevgisi bu müharibədə zəfəri təmin edib. 

Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı qonağa çoxsaylı suallar ünvanlayıblar. Hərbi-siyasi ekspert Telman Qasımov ona verilən sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: