Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Yazıçı-publisist Dilarə Ağamusa Nağıyevanın yeni kitabı çap olunub
21.09.2021 14:29
  • A-
  • A
  • A+

Yazıçı-publisist Dilarə Ağamusa Nağıyevanın yeni kitabı çap olunub

Yazıçı-publisist Dilarə Ağamusa Nağıyevanın “Hər tamaşa isə bir ömür” kitabı işıq üzü görüb.

“Elm” nəşriyyatında çap edilən kitab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Vətən müharibəsindəki qələbəsinə və şəhidlərimizin ruhuna, eləcə də tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin ömür yoluna və fəaliyyətinə ithaf edilib.

“Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu dəmir yumruğu ilə düşmənə qalib gələrək möhtəşəm zəfər çaldı. Ermənistanla aparılan qısamüddətli müharibə “qaçqın” və “köçkün” kəlmələrinin gündəmdə işlədilməsinə son qoydu. Torpaqlarımız uğrunda aparılan müharibənin ilk günündən Ali Baş Komandanımızın söylədiyi “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” deyimi ağlasığmaz bir müddətdə reallığa çevrildi”, - deyə müəllif əsərdə qeyd edib.

Bundan əlavə, müəllif neft milyonçusu - babası Ağa Musa Nağıyevin fəaliyyətində indiyədək görünməyən səhifələri açıqlayıb. A.M.Nağıyevin “Cəmiyyəti xeyriyyə” üçün tikdirdiyi “İsmailiyyə” və dörd xəstəxana daxil olmaqla yüzə yaxın binanı, Bakı su kəmərinin çəkilməsinə verdiyi külli miqdarda pul vəsaitini və daha bir çox xidmətlərini xatırladıb.

Həmçinin əsərdə Bakı milyonçuları H.Z.Tağıyev və A.M.Nağıyevin Balkan müharibəsi dövründə (1914) yetim qalmış uşaqlara kömək məqsədilə hər birinin 5 min rubl ianə etdikləri, A.M.Nağıyevin Rus-Osmanlı müharibəsi dövründə Ərzurumun dağıdılmış məscidlərinin birində tapılan müqəddəs Qurani-Kərimi alaraq qoruyub saxladığı və sultan V Mehmet Rəşada hədiyyə etdiyi oxuculara təqdim olunur. Bu xidmətlərinə görə, türk sultanının Ağa Musa Nağıyevi “Məcidi” və “Osmani” ordenləri ilə təltif etdiyi nəşrdə qeyd edilib. Yazıçı bu həqiqətlər haqqında yazmaqla bir daha Azərbaycan və Türkiyə dövlətlərinin dostluğunun tarixi köklərini göstərib.

Kitabda Dilarə Ağamusa Nağıyevanın elegiyaları da yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: