Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.09.2021 15:22
  • A-
  • A
  • A+

“Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda simpozium keçirilib

“Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda simpozium keçirilib

AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda beynəlxalq simpozium keçirilib.

Aktual mövzuda keçirilmiş beynəlxalq elmi konfransda və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərə təşkil olunan səfərdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, AMEA Tarix İnstitunun baş direktoru, professor Kərim Şükürov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Muhammet Hekimoğlu, Atatürk Araşdırmaları Mərkəzinin sədri Yüksel Özgen, eləcə də Türkiyədən və Azərbaycandan tarixçi alimlər iştirak ediblər.

Azərbaycanın Ermənistan üzərində tarixi zəfəri və dövlət müstəqilliyinin bərpasına həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən plenar iclası Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq tarixi zəfərimizdən, müstəqilliyimizdən və beynəlxalq tədbirin əhəmiyyətindən danışıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli plenar iclasda çıxış edərək iki qardaş ölkənin tarixçi alimlərinin iştirakı ilə Qarabağın işğaldan azad edildiyi şəraitdə keçirilən beynəlxalq elmi simpoziumun mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərimizin ölkəmizin tarixində xüsusi rolundan danışan akademik İsa Həbibbəyli Qarabağın tarixi, burada törədilən erməni qırğınları, eləcə də tarixi, dini, mədəni abidələrimizin talanıb məhv edilməsi barədə ətraflı məlumat verib.

Sonra Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, professor Muhammet Hekimoğlu və Atatürk Araşdırmaları Mərkəzinin sədri Yüksel Özgen, AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, Ağcabədi Reginal Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov çıxış ediblər. Çıxışlarda Azərbaycanın müstəqilliyi illərində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlərdən ətraflı bəhs edilib.

Tədbir bölmə iclasları ilə işini davam etdirib. Akademik Nərgiz Axundova və professor Selma Yelin həmsədrliyi ilə keçirilən birinci iclasda 10 məruzə dinlənilib. İkinci iclasda 6 (həmsədrlər - professor Mustafa Sıtkı Bilgin və professor Ədalət Qasımov), üçüncü iclasda isə (həmsədrlər – professor Alaaddin Yalçınkaya və professor Tofiq Nəcəfli) 8 məruzə tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tədbirdə “Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyi (1991-2021): tarixi baxış” (Kərim Şükürov), “Türkiyənin ictimai rəyində Xocalı qətliamı və sonrasında Qarabağ problemi” (Ramazan Erhan Güllü), “Qarabağ zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri” (Mustafa Sıtkı Bilgin), “Türkiyə-Azərbaycan hərbi-strateji əməkdaşlığının zirvəsi: Şuşa Bəyannaməsi” (Tofiq Mustafazadə), “Azərbaycan-Türkiyə strateji müttəfiqliyi: tarixi ənənələr və müasirlik”, “Dünya sivilizasiyasında türk amili” (Nərgiz Axundova), “Qarabağ xanlığı 1805-ci ildən 1822-ci ilədək: yalanlar və həqiqətlər” (Hacı Həsənov) və s. mövzularda mühüm əhəmiyyət kəsb edən maraqlı elmi məruzələr dinlənilib.

Simpozium iştirakçıları Ağdamın işğaldan azad olunmuş ərazilərində olub, Ağdam rayonunda Pənahəli xanın iqamətgahını, İmarət stadionunu, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını, Çörək muzeyini ziyarət edib, Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar.

Ağdam Rayon Musiqi Məktəbinin konsert proqramı ilə çıxışı yaddaşlarda dərin iz buraxıb.

Səfər çərçivəsində AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Ağcabədi rayonunun Kəhrizli kəndində görkəmli Azərbaycan yazıçısı və ictimai xadimi Cəlil Məmmədquluzadənin sadiq silahdaşı və tale ortağı Həmidə xanım Məmmədquluzadənin ev muzeyində olub, muzeyin kollektivi və kənd sakinləri ilə görüşüb, muzeyə kitablar hədiyyə edib.

Tədbir iştirakçıları Qarabağ Atçılq Mərkəzi ilə də tanış olublar.

Qeyd edək ki, simpoziumda Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim məruzələrlə çıxış edib.

Beynəlxalq simpozium Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmizin dövlət müstəqilliyi qazanmasının 30 illiyinə həsr olunmuş ilk elmi hesabatıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: