Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Filologiya elmləri doktoru Gülbəniz Babaxanlının beynəlxalq konfransdakı məruzəsi çap olunub
22.09.2021 11:58
  • A-
  • A
  • A+

Filologiya elmləri doktoru Gülbəniz Babaxanlının beynəlxalq konfransdakı məruzəsi çap olunub

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Ərtoğrol Cavid – major və minor boyalı həyatın yolçusu” mövzusunda məruzəsinin tam mətni bu yaxınlarda işıq üzü görən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XX Beynəlxalq elmi-praktiki konfransın materiallarına daxil edilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəşrə hazırladığı topluda dərc edilən məruzə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin övladı Ərtoğrol Cavidin yaşamağa tələsdiyi qısa, lakin mənalı həyat tarixçəsinə bir daha işıq salır. Onun çoxşaxəli fəaliyyətini yenidən gündəmə gətirir. Ə.Cavidin istedadlı bəstəkar, musiqiçi, folklorşünas kimi böyük ümidlər verən yaradıcı şəxsiyyət olduğunu Hüseyn Cavidin Ev Muzeyində mühafizə olunan şəxsi arxivindəki materiallar əsasında diqqətə çatdıran alim onun həm də bir vətənpərvər ziyalı kimi də tanındığını böyük fəxarət hissi ilə qeyd edir. Məruzədə Ərtoğrolun 24 illik bir göz qırpımlıq həyatında qocaman ömür yaşamış şəxsin görə biləcəyi mühüm işlərin öhdəsindən gəldiyini vurğulayan müəllif Hüseyn Cavidin Ev Muzeyində 2011-2015-ci illərdə çapa hazırlanan “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyindən (13 cild) söhbət açır.

Qeyd edək ki, sözügedən məruzə 2021-ci ildə Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrol Cavidin şəxsi arxivi əsasında hazırlanan və aktuallığı ilə seçilən “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavid və Nizami Gəncəvi etüdləri” adlı yeni nəşrlərin davamıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: