Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Vətəni uğrunda savaşıb şəhid olanlar qara torpağa deyil, qəlblərə gömülür
24.09.2021 14:51
  • A-
  • A
  • A+

Vətəni uğrunda savaşıb şəhid olanlar qara torpağa deyil, qəlblərə gömülür

Tariximiz boyu, ata və babalarımız vətən naminə canlarından keçmək sınağı ilə üz-üzə dursa da, hər zaman bu imtahandan başıdik çıxmışlar. Necə ki, ötən ilin sentyabr ayının 27-dən başlayaraq, noyabr ayının 10-a kimi davam edən ən qanlı savaşda gənc nəslin dillərə dastan olan igidlik və mərdlik  nümunəsində olduğu kimi...

Bəli, say etibarı ilə 44 gündən ibarət olan döyüşdə, əsrə bərabər şücaət tələb olunan mübarizə və savaşın canlı örnəyini dünyaya göstərə bildik. 30 ildən artıq müddətdə zəbt olunmuş torpaqlarımızda bərkiyən, alınması mümkünsüz hesab olunan torpaqlarımızı geri qaytardıq, erməni mifini tarixə qovuşduran əsgər və zabitlərimizin ilham qaynaqları vətənləri və uğrunda ölməyi gözə aldıqları torpaqları olmuşdur. Çünki hər bir azərbaycanlı bilir ki, vətəni uğrunda savaşıb şəhid olanlar qara torpağa deyil, xalqın qəlbinə gömülür.

Bəli, 27 sentyabr tarixi xalq tərəfindən əbədiləşdirilmiş, övladını, qardaşını, atasını və soydaşını anan millətimiz üçün ən həssas gündür. Bayrağımızda və torpağımızda qanının izləri silinməmiş şəhidlərimizin anım günüdür. 21-ci əsrin ən boyük hərb savaşını qazanan vətən övladlarının xatirəsi, ötən bir ili haqlamaqda olan dövr ərzində xalq tərəfindən davamsız anılır, onların nurlu simaları  kitabların, jurnalların, səhifələrin üzünü bəzəyir. Şəhid vermiş ata və ananın, həyat yoldaşının, övladın hayqırtılarında ən uca səslənən fikir “vətən sağ olsun”dur.

Bəli, ölkəmiz üçün həyati önəm daşıyan bu sınaqdan Azərbaycanın gənc nəslinin, o cümlədən müzəffər ordunun sıralarında tarixi və hiyləgər düşmənlərimizə qarşı igidcəsinə vuruşan əsgərlərimizin həmişəki kimi üzüağ çıxmasının episentrində hər nə qədər döyüşkənlik və qələbəyə köklənmiş ruhun rolu olsa da, bir o qədər də keçmiş dəyərlərimizə sədaqət, Ali Baş Komandana inam, eləcə də etimad və məsuliyyət tandemi həlledici olmuşdur. Bəli, bütün Azərbaycan gəncləri, o cümlədən cəmiyyətimizin elmi-intellektual kəsimi həmin həssas dönəmləri məharətlə idarə edən cənab Prezidentimizin tezis və çağırışlarını daim diqqətdə saxlamaqla, sosial platformalarda xüsusi aktivlik nümayiş etdirməliyik.

Bu gün hər bir soydaşımız kimi, elm ictimaiyyəti, o cümlədən gənc elm adamları da İkinci Qarabağ savaşında, habelə Azərbaycanın ərazi bütövlüyundə həyatını itirmiş, eyni zamanda şəhidlik zirvəsini fəth etmiş bütün igid əsgərlərimizi böyük hörmət və izzətlə anır, onlara Allahdan rəhmət diləyir.

Famin SALMANOV, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: