Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“SESDA” elektron sənəd dövriyyəsi sisteminin təqdimatı olub
05.10.2021 14:18
  • A-
  • A
  • A+

“SESDA” elektron sənəd dövriyyəsi sisteminin təqdimatı olub

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) “Sinam Elektron sənəd dövriyyəsi və arxiv” (SESDA) sisteminin təqdimatına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri, dəvət olunmuş qonaqlar iştirak ediblər.

Yığıncağı İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov açaraq qeyd edib ki, informasiya cəmiyyətinin qurulması Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri hesab olunur və onun əsas istiqamətləri Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyada müəyyən olunub. Məhz bu sahədə ölkə başçısının sərəncamlarını, Azərbaycan Respublikasında uzun illərdir tətbiq və icra olunan qərarları xatırladan Ə.Sadıqov müasir dövrdə elektron sənəd dövriyyəsinin əhəmiyyətini xüsusilə vurğulayıb. Son illərdə dövlət orqanlarında sənəd dövriyyəsinin elektron şəkildə təşkili və bu sistemin inkişafında bir sıra əməkdaşlıqların qurulduğunu, müvafiq addımlar atıldığını bildirən Ə.Sadıqov İSİ-nin də bu istiqamətdə “SİNAM” şirkəti ilə əməkdaşlıq etdiyini qeyd edərək keçirilən tədbirin vacibliyinə toxunub.

Ə.Sadıqov, həmçinin qeyd edib ki, elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə qərarların qəbul edilməsini, icra intizamının yüksəldilməsini və nəzarət mexanizminin sadələşməsini, təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir.

Sonra Ə.Sadıqov təlimin həyata keçirilməsi üçün sözü “SİNAM” şirkətinin əməkdaşı Nərgiz Qədimovaya verib.

Nərgiz Qədimova “SİNAM” şirkətinin elektron sənəd dövriyyəsi və arxiv sistemi haqqında iştirakçılara məlumat verərək qeyd edib ki, artıq bu sistemin köməyi ilə kağız daşıyıcılar vasitəsilə ötürülən məlumatlar, sənədlər elektron şəkildə və daha tez bir zamanda əldə olunacaq. O, bildirib ki, iş prosesinin daha operativ və müasir üsullarla tətbiqini təmin edəcək sistemin əsas məqsədi sənədlərin hazırlanması, fayl şəklində bazada saxlanılması, müəssisə daxilində sənəd hərəkətinin təmin edilməsi, hesabat və statistik məlumatların hazırlanması və s. ibarətdir.

N.Qədimova təlim əsnasında tədbir iştirakçılarına qeydiyyatdan keçmək, sistemə daxil olmaq, interfeyslə tanışlıq, istifadə qaydaları və digər texniki məsələlər barədə əyani şəkildə ətraflı məlumat verib. Sistemin istifadəsinin İSİ-də sınaq mərhələsində olduğunu bildirərək “SİNAM” şirkətinin yarana biləcək bütün çətinliklərin həllində köməklik göstərəcəyini qeyd edib və tədbirin təşkili üçün İSİ-nin rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra N.Qədimova tədbir iştirakçılarının sullarını ətraflı şəkildə cavablandırıb.

Müzakirələrdə İSİ-nin icraçı direktoru Əminağa Sadıqov, t.e.d. Fərhad Paşayev, r.e.d. İlqar Məmmədov və digər əməkdaşlar iştirak edərək sistemin təhlükəsizliyi və s. məsələlər barədə fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: