Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyinin Arxeologiya fondunda nadir kitabə qorunur
06.10.2021 11:14
  • A-
  • A
  • A+

Tarix Muzeyinin Arxeologiya fondunda nadir kitabə qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda daş abidələr sırasında XII əsrə aid mühüm tarixi məlumata malik nadir kitabə qorunur. 1954-cü ildə Bakı şəhərinin qala divarlarındakı şimal yarımbürclərdən birinin dağılması zamanı aşkar edilən, əhəng daşından olan bu kitabənin üstündəki üçsətirlik ərəbdilli yarımçıq yazıdan şəhər divarlarının 514- 555/1120-1160-cı illərdə hökmdarlıq etmiş şirvanşah III Mənuçehrin əmri ilə tikildiyi məlum olur. Kitabə hələ orta əsrlərdən Şirvanın iqtisadi-ticari mərkəzi kimi ad çıxarmış Bakıda Şirvanşahlar dövlətinin güclənməsi ilə bağlı istehkam tikintisi işlərinin daha da genişləndiyini təsdiq edir.

Azərbaycanda intibah dövrü şəhərsalma mədəniyyətinin yüksək inkişaf səviyyəsini Muzeyin Arxeologiya fondunda qorunan saxsı su tüngləri, şirli kaşı nümunələri, şirsiz divar üzlükləri, eləcə də Hacıqabul rayonunda yerləşən və hazırda bərpa olunmuş, XI əsr alim-filosofu Pir Hüseyn Şirvaniyə məxsus xanəgahın giriş qapısı üstündəki kitabə, “Səbayıl daşları” adı ilə məşhur olan yazılı və təsvirli daş nümunələri də təsdiq edir.

Qeyd edək ki, bütün müsəlman memarlığı üçün ümumi olan kanonlara, vahid elmi-nəzəri sistemə söykənən bu memarlıq nümunələri Azərbaycanın intibah dövrü memarlığının şah əsərləri hesab olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: