Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində şəhid Samid Əsgərovun materialları mühafizə olunur
12.10.2021 12:15
  • A-
  • A
  • A+

Tarix Muzeyində şəhid Samid Əsgərovun materialları mühafizə olunur

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, II Vətən müharibəsi şəhidi Samid Gülmalı oğlu Əsgərovun şəxsi materialları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda mühafizə olunur.

S.Əsgərova məxsus materiallar muzeyin əməkdaşı Ayəndə Dadaşova və həyat yoldaşı Nübar Əsgərova tərəfindən Vətən müharibəsi fonduna təhvil verilib.

Qeyd edək ki, bu gün şəhid Samid Əsgərovun doğum günüdür. S.Əsgərov 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. 1996-cı ildə Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olub. 1999-cu ilə qədər həmin məktəbdə təhsil alıb və sonra 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirib.

2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2008-ci ildə həmin liseyi bitirib və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. 25 iyul 2012-ci il tarixinədək fəaliyyət göstərən qoşun kəşfiyyatı taqım komandiri zabit ixtisas kursunu bitirib. Məktəbi bitirdikdə leytenant hərbi rütbəsi verilib və 2012-ci ilin iyul ayının 26-da təhsilini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə göndərilib. 2013-cü ilin iyul ayının 23-də kursu bitirib və Müdafiə nazirinin əmrinə əsasən, “N” saylı hərbi hissəyə göndərilib. 29 iyul 2013-cü il tarixdən “N” saylı hərbi hissənin 4-cü motoatıcı taborunun qərargah bölüyünün kəşfiyyat taqım komandiri, 27 iyul 2019-cu il tarixdən “N” saylı hərbi hissədə kəşfiyyat bölmə rəisinin kəşfiyyatın planlaşdırılması üzrə köməkçisi vəzifəsinə təyin olunub. Oxuduğu və işlədiyi müddətdə müxtəlif diplom və sertifikatlarla təltif edilib.

Kapitan S.Əsgərov 2020-ci ildə sentyabr ayının 27-si döyüş əmri verilməsi ilə döyüşə yollanır. S.Əsgərov Füzuli rayonu Seyidəhmədli istiqamətində döyüşə başlayır. Düşmənin keçilməz səddinin yarılmasında S.Əsgərov böyük qəhrəmanlıq göstərir. Hərəkatın adı isə Milli Qəhrəman Polad Həşimovun adına uyğun olaraq “Polad Həşimov hərəkatı” adlandırılıb. Döyüş yoldaşları Samidin təkcə bu sözləri deyərək döyüşə dayanmadan davam etdiyini söyləyir: Samid bizdən rütbəcə böyük olduğuna görə o, bizə döyüşdə ruh yüksəkliyi verirdi. İrəlidə gedərək, “Kişilər, irəli! Axıra qədər! Geriyə yol yoxdur! deyirdi”.

Samid qəlpə yarası alır və buna baxmayaraq döyüşə davam etməliyik deyir. Bu zaman düşmən tərəfindən minaatan vasitəsilə Əsgərov növbəti zərbəni alır və döyüş meydanında qəhrəmancasına şəhid olur. Oktyabr ayının 3-ü kapitan Samid Əsgərov yaşadığı Neftçala şəhərinin Şəhidlər xiyabanında izdihamla son mənzilə yola salınır.

Qəhrəman şəhidimiz “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı (2013), “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı (2018), “Qüsursuz xidmətə görə” III dərəcəli medalı (2019), “Vətən uğrunda” medalı (2020) və “Füzulinin azad olunmasına görə” medalı (2020) ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: