AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında sözügedən müəssisənin dissertantı Rauf Əmənov "Azərbaycan kəhrizlərinin ikidilli atlasının” hazırlanması mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, adı çəkilən atlas BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Koreya Beynəlxalq İnkişaf Agentliyinin (KOİCA) maliyyə dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Azərsu ASC-nin rəsmi dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi əsasında hazırlanıb.
R.Əmənovun sahibi olduğu “Caucasus Geo Survey” MMC-nin ərsəyə gətirdiyi atlasda Azərbaycanın bölgələrində yerləşən hər bir kəhrizin texniki qiymətləndirilməsi öz yerini tapıb, kəhrizlərin su sərfi, yerli əhali üçün içməli olub-olmaması və s. haqqında məlumatlar toplanıb.
Layihəyə əsasən azkahriz.az saytı işlənərək istifadəyə verilib və eləcə də kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi də hazırlanaraq çap edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.