Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dil biliklərindən istifadə etməklə plagiatlığın aşkarlanması metodu təklif edilib
14.10.2021 12:03
  • A-
  • A
  • A+

Dil biliklərindən istifadə etməklə plagiatlığın aşkarlanması metodu təklif edilib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarında “Dil biliklərindən istifadə etməklə plagiatlığın aşkarlanması” (Plagiarism detection using linguistic knowledge) mövzusunda müzakirələr aparılıb.

Məruzəni təqdim edən şöbəyə təhkim olunmuş doktorant Əhməd Əhmədzadə bildirib ki, plagiatlıq eyni ilə surətini götürmək, cümlələri kəsmək, birləşdirmək, parafrazlaşdırmaq, orijinal sözləri oxşar və ya sinonim sözlərlə əvəz etməklə həyata keçirilə bilər. Plagiat başqasının əvvəlki ideyalarını, işini və ya sözlərini yetəri qədər mənbə göstərmədən istifadə etmək kimi təsvir olunur. Plagiatlığı iki üsulla – fiziki (əl ilə) və avtomatik olaraq aşkarlamaq mümkündür.

Gənc tədqiqatçının sözlərinə görə, linqvistik məlumat, məsələn, sözlər arasında semantik əlaqələr və onların sintaktik quruluşu cümlənin anlaşılmasında böyük rol oynayır. Bu baxımdan dil biliklərindən istifadə etməklə plagiatlığın aşkarlanması aparılan tədqiqatların səmərəliliyini artırır.

“Plagiatlığın aşkarlanması 3 mərhələdən ibarətdir: namizədin axtarışı (candidate retrieval), detallı müqayisə (detailed comparison) və evristik sonrakı emal (heuristic post-processing). Öncə namizəd axtarışından istifadə edərək, böyük sənəd korpusundan şübhəli sənədə oxşar bir qrup sənədlər seçilir. Hər mənbə sənədi şübhəli sənədlə müqayisə edilir və yüksək oxşarlığa malik hissələr hər iki sənəddən seçilir. Son mərhələdə oxşarlığa malik olan bütün bölmə cütlükləri nümayiş etdirilir”, - deyə məruzəçi bildirib.

Ə.Əhmədzadə tədqiqat işində təklif edilmiş metodun 3 hissədən ibarət olduğunu diqqətə çatdırıb. İlkin emal (pre-processing), ətraflı müqayisə (detailed comparison) və evristik sonrakı emal (heuristic post-processing) mərhələləri, aparılan eksperimentlər, müqayisəli təhlillər barədə ətraflı məlumat verib. O, həmçinin yeni modelin ümumi strukturu, ABŞ-ın Prinston Universitetində hazırlanmış, ingilis dili üçün leksik verilənlər bazası olan “Word Net” haqqında da danışıb.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev mövzuya dair fikirlərini bölüşüb, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: