Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq konfransda çıxış ediblər
18.10.2021 15:48
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq konfransda çıxış ediblər

Oktyabrın 18-də Türkiyənin İstanbul şəhərində “Mühəndisliyin Texniki və Fiziki Problemləri” (ICTPE-2021) mövzusunda XVII beynəlxalq konfrans öz işinə başlayıb.

İstanbul Rumeli Universitetində keçirilən konfransda “Zoom” proqramı vasitəsilə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, İran, Rumıniya, İspaniya və Norveçdən alimlər iştirak edirlər.

Tədbirin Təşkilat Komitəsində Azərbaycandan AMEA-nın Fizika İnstitutu, “Azərenerji”ASC, Naxçıvan Dövlət Universiteti və Təmiz İstehsalat və Enerji Effektivliyi Mərkəzi yer alıb.

Konfransın açılış mərasimində AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov və “Azərenerji”ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun laboratoriya rəhbəri, texnika elmləri doktoru Nəriman Rəhmanov giriş nitqi söyləyiblər.

Həmçinin konfransın ilk günündə akademik Arif Həşimovun həmsədri olduğu plenar iclasda 3 məruzə dinlənilib. Texnika elmləri doktoru Nəriman Rəhmanov “Fundamentals of hybrid distributed generation systems construction with renewable energy sources for remote consumers power supply” mövzusunda məruzəsini iclas iştirakçılarına təqdim edib, onların suallarını cavablandırıb.

Texnika elmləri doktoru Nəriman Rəhmanovun həmsədri olduğu plenar iclasda isə müxtəlif mövzularda 10 məruzə təqdim olunub.

Oktyabrın 19-da isə akademik Arif Həşimovun və texnika elmləri doktoru Nəriman Rəhmanovun həmsədri olduğu növbəti plenar iclaslarda 16 məruzə dinləniləcək. O cümlədən akademik Arif Həşimovun həmmüəllifi olduğu “Luminescent peculiarities in FD-Resistors”, “Features of electronic treatment of complex structures in order to improve their elektrophysical characteristics” və “Research of the electrical properties of composite varistors based on ZnO – polymer” mövzusunda məruzələr təqdim ediləcək.

Konfransın bağlanış mərasimində isə Azərbaycan (akademik Arif Həşimov), Türkiyə, İran, İspaniya və Rumıniyadan olan alimlər nitq söyləyəcəklər.

Qeyd edək ki, beynəlxalq ICTPE konfransı ilk dəfə 2002-ci ildə Bakıda (görkəmli akademik Çingiz Cuvarlının xatirəsinə həsr olunub) keçirilib. 2004-cü ildə Təbrizdə (İran), 2006-cı ildə Ankarada (Türkiyə), 2008-ci ildə Pitestidə (Rumıniya), 2009-cu ildə Bilbaoda (İspaniya), 2010-cu ildə yenidən Təbrizdə, 2011-ci ildə Lefkoşa şəhərində və 2012-ci ildə Fredrikstadda (Norveç), 2013-cü ildə İstanbulda, 2014-cü ildə Bakıda, 2015-ci ildə Buxarestdə (Rumıniya), 2016-cı ildə Bilbaoda, 2017-ci ildə Vanda (Türkiyə), 2018-ci ildə Naxçıvanda, 2019 və 2020-ci illərdə İstanbul şəhərlərində baş tutub.

Konfransın məruzələr toplusu “Springer” və digər nüfuzlu nəşriyyatlarda nəşr olunur və “Scopus”, “NSD”, “Copernicus”, SIFSIS kimi elmimetrik bazalarda yerləşdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: