Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və “Baku Steel Company”nin əməkdaşlarının birgə apardıqları tədqiqatların nəticələri tətbiq olunur
21.10.2021 16:32
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və “Baku Steel Company”nin əməkdaşlarının birgə apardıqları tədqiqatların nəticələri tətbiq olunur

Respublikamızda aparılan iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Belə ki, ölkəyə xaricdən gətirilən avadanlıqların və ehtiyat hissələrinin daxili resurslar hesabına istehsal olunması, yeni texnologiyaların yaradılmasına istiqamətlənən praktiki tədqiqatların həyata keçirilməsini daha da genişləndirmək aktual problemlərdəndir.

Müasir reallığı nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasında tədqiqat istiqamətlərinin elmi, elmi-texnoloji fəaliyyətin nəticəliliyinə, milli və dövlətçilik mənafelərinə uyğunlaşdırılması sahəsində geniş islahatlar aparılır.

Bu baxımdan AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və “Baku Steel Company”nin əməkdaşlarının birgə apardıqları elmi-tədqiqat işi nəticəsində şirkətin yayma istehsalatında istifadə olunan valların innovativ metallurgiya texnologiyası əsasında daxili resurslar hesabına hazırlanarkən işçi hissəsi üçün funksional xassəli çuqun alınıb.

Qeyd etmək lazımdır ki, valların xaricdən idxalı bir tərəfdən xeyli valyutanın ölkədən kənara çıxmasına səbəb olur. Digər tərəfdən həmin valların işlək hissəsinin hazırlanmasında istifadə olunan ağ çuqun yayılma prosesində burulmaya qarşı davamsızdır və əksər hallarda boyuncuq hissəsindən sınır. Eyni zamanda valların işçi səthinin bərkliyi yüksək olduğu üçün yayılan məmulatın (armaturun) səthində müxtəlif ciddi qüsurlar (cızıqlar, yarıqlar, qopuqlar və s.) yaradır. Bununla yanaşı, valların işçi səthi yeyildikdə məhsulun səthində qeyd olunan qüsurlarla yanaşı, həm də onların çıxış ölçülərinin pozulması baş verir. Belə ki, yayma istehsalatında alınan məhsulların keyfiyyəti birinci növbədə valların işçi göstəricilərindən asılıdır.

Nəzərdə tutulan funksional xassəli çuqunun alınması üçün ilkin komponentlərdən matrisa kimi ağ çuqun, legirləyici kimi keçid elementlətinin (Mn,Cr, Ni, Mo) ferro-ərintilərindən istifadə edilib.

Texniki emaldan sonra sintez olunmuş, legirlənmiş çuqun fiziki-kimyəvi analizin kompleks metodları - differensial termiki (DTA), rentgen faza (RFA), mikroquruluş (MQA) və bərkliyin, mikrobərkliyin ölçülməsi ilə tədqiq edilib.

Aparılan tədqiqatlar göstərir ki, ərimiş nümunəni soyutduqda subsolidusda martenisit, austenit, karbon (qrafit) və α -ferrit (izlər) çökür.

Manqanın, nikelin və molibdenin miqdarı çuqunda iddia olunan sərhəddən kənara çıxdıqda valın termiki emaldan sonra bərkliyi xeyli aşağı düşür. Bu isə öz növbəsində yayma prosesində valın yeyilməyə dözümlülüyünü azaldır.

Manqan və molibden elementləri iddia olunan miqdarda çuqunun strukturunda xırda dənəli yeyilməyə dözümlü karbidlərin yaranmasına səbəb olur. Bu karbidlərin bir hissəsi termik emal (tablama) prosesində austenitdə həll olsa da, qalan hissəsi isə strukturda bərabər paylanır. Çuqunda nikelin iddia olunan miqdarı onun özlülüyünü artırır və valın ağır şəraitlərdə istismar prosesində sınmasının qarşısını alır.

Çuqunun quruluşunda kürəli qrafitin mövcudluğu yayma zamanı val və pəstah arasında sürtünmədə bərk sürtkünün iştirakı şəraitinin yaranmasına gətirir. Nəticədə, bu, valın yeyilməsinin müəyyən mənada qarşısını alır. Digər tərəfdən bərk karbidlərlə zəngin olan martenisit matrisa valın çəllək hissəsinin yayma şəraitlərində yeyilməyə daha dözümlü edir.

Beləliklə, sintez olunmuş funksional xassəli çuqundan hazırlanmış bimetallik valların yayma prosesində tətbiqi müəssisəyə böyük iqtisadi səmərə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: