Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şərqşünaslıq İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər
25.10.2021 09:58
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Türkiyənin Qars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetinin təşkil etdiyi “Birlikdə yaşama baxımından İslam dini” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər.

İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı konfransda “Milli və dini kimliyin qorunması baxımından Azərbaycanda birlikdə yaşama təcrübəsi və imkanı” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycan milli mədəniyyətinin, kimliyinin qorunması və inkişaf imkanları barədə öz fikirlərini bölüşüb. Demokratik, dünyəvi, sosial, hüquqi dövlət quruculuğu yolunu seçmiş Azərbaycanda mövcud etnik və dini qrupların, o cümlədən ölkə əhalisinin əksəriyyətini təşkil edən islam dini mənsublarının əmin-amanlıq şəraitində birgəyaşayış təcrübəsindən bəhs edib, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu nəzərə çatdırıb.

Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramova “Ərəb xalq ədəbiyyatında “Peyğəmbərlik” anlayışı” mövzusunda çıxış edib. Məruzəçi ərəb xalq ədəbiyyatında yüz iyirmi dörd min peyğəmbərdən bir çoxunun epikləşdirilmiş obrazlarından söz açıb və peyğəmbərlik anlayışına şifahi xalq ədəbiyyatı aspektindən yanaşıb.

İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xanımzər Kərimova “İslam dinində ədəbiyyatın estetik mənbəyi” mövzusunda məruzə edib. Məruzəçi ərəb ədəbiyyatında “Ədəb” janrının İslam dinində rolu və onun estetik qaynaqları haqqında bəhs edib, ərəb ədəbiyyatında ədəb və əxlaqı tərənnüm edən “Ədəb” janrının ən ecazkar estetik qaynaq olduğunu konfrans iştirakçıların nəzərinə çatdırıb.

Sözügedən müəssisənin Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov “Nasslara bağlılıq anlamında təsəvvüf” mövzusunda məruzə edib. Məruzədə təsəvvüf yolunun nə olursa olsun, Quran və sünnədən aydın və davamlı  olaraq ilham alındığı vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: