Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub
26.10.2021 15:06
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi beynəlxalq jurnalda dərc olunub

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin “Dixlormetanın tetraxloretilenin nəcib metal katalizatorlar üzərində katalitik oksidləşməsi” adlı məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Journal of Chemistry and Technologies” jurnalında dərc edilib.

Təqdim edilən işdə ümumi olaraq tərkibində γ-Al2O3 olan 6 müxtəlif metal  dixlormetanın və perxloretilenin oksidləşməsi prosesində öyrənilib. Təcrübələr üçün aktiv maddə qismində ayrı-ayrı olaraq Pt, Pd-dan və 2 müxtəlif daşıyıcılardan (Al2O3, Al2O3-TiO2) istifadə edilib. Katalizatorların xarakteristikaları fiziki adsorbsiya və hemosorbsiya vasitəsi ilə Thermo Scientific Surfer porozimetr vasitəsi ilə təyin edilib. Qaz analizi Agilent 7820А (Gas Chromatograph) qaz xromotoqrafı vasitəsilə aparılıb. Katalizatorların aktivliyinin təyin edilməsi üçün laboratoriyada aparılmış təcrübələr, atmosfer təzyiqində, şaquli vəziyyətdə yerləşdirilmiş boruvari kvars reaktorda yerinə yetirilib.

Təcrübələrin başlanmasından əvvəl suyun verilməsi prosesi optimallaşdırılıb. Tədqiq olunan katalizatorlar arasında Pt/Al2O3 katalizatorunun dixlormetanın oksidləşdirilməsində yüksək aktivlik göstərdiyi müəyyənləşdirilib. Dixlormetanın oksidləşməsindən fərqli olaraq demək olar ki, bütün katalizatorlar Al2O3-TiO2 daşıyıcısı üzərində HCl-a görə daha yüksək aktivlik göstəriblər.

Qeyd edək ki, uzun illər boyu atmosferə atılan qazları zərərsizləşdirmək üçün termiki yandırılma əsas effektiv üsul hesab olunurdu. Lakin zərərli maddələrin bu üsulla tam parçalanması yüksək temperatur (800–1000°С) tələb edir, xlorun iştirakı isə qismən yanma nəticəsində əmələ gələn böyük həcmdə yüksək toksikliyə malik olan məhsulların alınmasına səbəb olur (fosgen, dibenzofuran və s.). Katalitik oksidləşmə qaz fazada yandırılmadan fərqli olaraq aşağı aktivləşmə enerjisinə malik olan fərqli reaksiyaların aparılmasına yol açır. Bu üsul enerjidən istifadə miqdarının və NOx alınmasının azalmasını təmin edir. Nəcib metallar oksidlərlə müqayisədə tam oksidləşməni təmin edirlər. Nəticədə, həm atmosferə atılan uçucu üzvi maddələrin qarşısı alınır, həm də  oksidləşmə nəticəsində alınan maddələr müxtəlif sahələrdə tətbiq perspektivinə malikdirlər. Bu baxımdan məqalədə alınan nəticələr böyük praktiki əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: