Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyat İnstitutunda azərbaycançılıq təliminin təbliği və tətbiqi vəzifələrinin icrası prioritet məsələdir
26.10.2021 15:22
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda azərbaycançılıq təliminin təbliği və tətbiqi vəzifələrinin icrası prioritet məsələdir

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 2013-2021-ci illərdə ədəbi-nəzəri və əməli-təşkilati fəaliyyət istiqamətləri üzrə akademik İsa Həbibbəylinin rəhbərliyi ilə uğurlu elmi nəticələr əldə edib. İnstitutun rəhbərliyi və kollektivi üçün dövlətçilik ideologiyası, azərbaycançılıq təliminin təbliği və tətbiqi vəzifələrinin icrası prioritet olub. Bu baxımdan elmi müəssisədə bir sıra siyasi-ideoloji tədbirlər yerinə yetirilib. AMEA-nın “Xəbərlər” toplusunda akademik İsa Həbibbəylinin “Azərbaycançılıq ideologiyası konsepsiyası” verilib. “Heydər Əliyevin dövlətçilik təlimi və müasir dövr” kitabı çap olunub. İki cilddə “Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı. Tarixi reallıqdan ideala” adlı kollektiv nəşr həyata keçirilib. “Ədəbiyyatda Qarabağ mövzusu”, “Vətən müharibəsinin təcəssümü ədəbi-tənqid və publisistikada” kitabları çapa hazırlanıb.

Bu barədə filologiya elmləri doktoru Əlizadə Əsgərzadə bildirib. Onun sözlərinə görə, Ədəbiyyat İnstitutu bu illərdə müxtəlif elmi-nəzəri və komporativ problemlər üzrə fərdi, habelə kollektiv tədqiqat işləri aparıb. İsa Həbibbəyli və Asif Rüstəmlinin “Ədəbiyyatşünaslıq elminin məbədi” (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəkkülü və inkişaf mərhələləri) kitabı çap edilib. İnstitutun 85 illik yubileyi (15 noyabr 2018) keçirilib. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə 10 cilddə “Molla Nəsrəddin”(2019-2020) jurnalı, “Molla Nəsrəddin ensiklopediyası” (2021) çapdan çıxıb.

Alim institutda Azərbaycan ədəbiyyatı tarixçiliyi istiqamətində yerinə yetirilən elmi-tədqiqat və elmi-təşkilati işlərdən də danışıb. Bildirib ki, institutda 10 cilddə “Azərbaycan ədəbiyyatı tarixi”nin akademik nəşrləri çapa hazırlanıb. İşin icrası 2022-ci ilin Novruz bayramına qədər başa çatdırılacaq. Şöbələr üzrə intensiv iş aparılır. Akademik İsa Həbibbəylinin ümumi redaktəsi ilə fundamental tədqiqatın 4 cildi çapdan çıxıb. Hazırda vacib vəzifə çoxcildliyin V (XIX əsr–yeni dövr), VI (XX əsrin əvvəlləri), VII (sovet dövrü), VIII (müstəqillik dövrü), IX (Cənubi Azərbaycan ədəbiyyatı) və X (mühacirət ədəbiyyatı) cildlərini nəşr etməkdir. “Azərbaycan ədəbiyyatı tarixi”nin yazılması yeni ədəbi dövrləşdirmə konsepsiyasına əsaslanıb. Tədqiqatın elmi-nəzəri bazası akademik İsa Həbibbəyli tərəfindən hazırlanıb və həyata keçirilib. Akademikin hazırladığı konsepsiya layihəsi Rusiya, Orta Asiya ölkələrinin elm və tədris qurumlarında sınaqdan (elmi şura, konfrans və sessiyalarda) keçirilib və “İsa Həbibbəyli. Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adı ilə nəşr olunub.

Ədəbiyyat İnstitutunun fəaliyyət sahələri zamanın tələbinə uyğun olaraq xeyli genişləndirilib. Yazılı ədəbiyyat və folklor, Ortaq başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı, Orta əsrlər Azərbaycan ədəbiyyatı, Yeni dövr Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatı və Dünya ədəbiyyatı şöbələri yenidən qurulub. Nizamişünaslıq şöbəsi bərpa edilib, Füzulişünaslıq sektoru, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Mətbuat tarixi və publisistika, Ədəbi tənqid, Mühacirət ədəbiyyatı, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbələri, habelə Uşaq ədəbiyyatı şöbəsi yeni yaradılıb. Hər bir şöbə illik hesabatlar üzrə uğurlu nəticələr əldə edib.

Akademik İsa Həbibbəyli 10 cilddə “Əsərləri”ni ədəbi konsepsiyaya uyğun olaraq çapa hazırlayıb. Oncildliyin “Ədəbi şəxsiyyət və zaman”, “Yollar şeirdən başlanmışdı” cildləri nəşr olunub. “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyatşünaslıq: köklər və budaqlar”, “Müqayisəli ədəbiyyatşünaslıq” cildləri çapa hazırdır. Hazırda çoxcildlik üzərində ciddi iş gedir, 2023-cü ildə başa çatdırılmalıdır. Müəllif 2013-2021-ci illərdə ”Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya”, “Nuhçıxandan Naxçıvana”, “Akademik Səməd Vurğun Vəkilov”, “Akademik İsa Həbibbəyli -biblioqrafiya” və “Literatura. Vremya. Sovremennost” adlı monoqrafik tədqiqatlarını da çap etdirib.

İnstitut “İmadəddin Nəsimi İli”ndə “Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransın materiallarını, III Beynəlxalq Elmi Konfransın materiallarını nəşr etdirib. “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” (2020) kollektiv monoqrafiyası, habelə akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi” (Azərbaycan, rus və ingilis dillərində), “İmadəddin Nəsimi. İraq Divanı”, “Çağdaşımız Nəsimi”, ”Nəsimi və söz”, Azərbaycan, rus və ingilis dillərində “İmaddədin Nəsimi: tədqiqlər, məqalələr, məruzələr”, “İmadəddin Nəsimi”, “Nəsimi nədən ənəlhəq dedi” adlı kitab və monoqrafiyalar bu sahədə qiymətli töhfələrdir.

“Nizami Gəncəvi İli”ndə “Nizami Gəncəvi”, “Nizami Gəncəvi və Şota Rustaveli” kollektiv monoqrafiyaları nəşrə hazırlanıb. “Nizami Gəncəvi ensiklopediyası” üzərində işlər davamlı olub. Akademik İsa Həbibbəylinin “Dahi Azərbaycan şairi Nizami”, Siracəddin Hacının 10 cilddə ”Həzrət Nizami Gəncəvinin yaradıcılığında peyğəmbərlik anlayışı və Həzrət Məhəmməd” kitabları, “Nizami Gəncəvi” almanaxı, habelə “Kardeş kalemler” aylıq Avrasiya ədəbiyyat dərgisinin xüsusi buraxılışının əhəmiyyəti ayrıca qeyd edilməlidir.

İnstitut Molla Pənah Vaqifin 300 illik yubileyinə “Molla Pənah Vaqif irsi xalq yaradıcılığı ilə klassik poeziyanın qovşağında” kitabını çapdan buraxıb, “Molla Pənah Vaqifin sənət idealları və müasirlik” mövzusunda elmi sessiya keçirib. “Molla Pənah olan Vaqif”, ”Füzuli zirvəsi və Vaqif başlanğıcı” adlı qiymətli monoqrafiyalar nəşr olunub.

“Bu illər ərzində akademik İsa Həbibbəylinin təşkilatçılığı və layihə rəhbərliyi ilə milli ədəbiyyat tarixçiliyi üzrə, habelə “Sənətkarın elmi pasportu” seriyasından ədəbi şəxsiyyətlərə həsr edilmiş xeyli kitab çap edilib. Yaşar Qarayevin 5 cildliyi və “Yaşar Qarayev: yaxından və uzaqdan (məqalələr, xatirələr)” toplusu, ”XX əsr Azərbaycan ədəbiyyatı məsələləri” silsilə kitabları, ”Veymarlı dahi Şərqdə”, “Vasiliy Vladimiroviç Bartold” və “Azərbaycan elmi və tərcüməşünaslıq”, “Səməd Vurğunun nəzəri-estetik görüşlərində klassik irs problemi”, “Səməd Vurğun. Seçilmiş əsərləri. Şeirlər”, “Xəlil Rza Ulutürk həyatı, fəaliyyəti, sənəti”, “Moskvadakı Azərbaycan ədəbi-mədəni mühiti fenomeni” adlı kitab və monoqrafiyaları, habelə Səməd Vurğunun, Mikayıl Müşfiqin, İlyas Əfəndiyevin yubiley elmi sessiyalarının materialları Sovet dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin uğurlu işləridir. Hazırda şöbənin “1960-cılar” adlı kollektiv nəşri çapa hazır vəziyyətdədir. İnstitutda “Sənətkarın elmi pasportu” seriyasından xeyli monoqrafiya da nəşr olunub.

Teymur Əhmədovun 5 cilddə “Seçilmiş əsərləri”, 3 cilddə Azərbaycan ədəbiyyatı (poeziya, nəsr, dramaturgiya) tərtibat işləri, “Nəriman Nərimanov /həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı/”, Nəriman Nərimanovun 2 cilddə “Seçilmiş əsərləri”, habelə “Cənubi Azərbaycan ədəbiyyatı araşdırma mərkəzi” ,”Cənubi Azərbaycan ədəbiyyatı: elmi tədqiqlər və araşdırmalar”, ”Günümüzün Güney ədəbiyyatı antologiyası”- Poeziya” və 2 cilddə “Cənubi Azərbaycan ədəbiyyatı” kitabları Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin uğurlarından olub.

Həmçinin akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Azərbaycan mühacirət ədəbiyyatı: problemləri, şəxsiyyətləri” kitabı nəşr edilib. “Məhəmməd Əmin Rəsulzadə”, “Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri”, “Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” və “Teymur Atəşlinin “Seçilmiş əsərləri” də institutun uğurlu nəşrlərindəndir”, - deyə Ə.Əsgərzadə əlavə edib.

AzərTac

  • Paylaş: