Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Arif Məmmədovun 80 yaşı tamam olur
29.10.2021 10:30
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Arif Məmmədovun 80 yaşı tamam olur

Fiziologiya sahəsində tanınmış alim, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Arif Məmmədovun 80 yaşı tamam olur.

Arif Məmməd oğlu Məmmədov 29 oktyabr 1941-ci ildə anadan olub. O, 1965-ci ildə Rusiya Dövlət Dəniz Akademiyasını, 1969-cu ildə SSRİ Elmlər Akademiyasının P.K.Anoxin adına Normal Fiziologiya İnstitutunun (Moskva ş.) aspiranturasını bitirib, 1969-1975-ci illərdə həmin institutda tədqiqatlarını davam etdirib.

1969-cu ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1988-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Arif Məmmədov 1976-1982-ci illərdə Azərbaycan SSR EA-nın Fiziologiya İnstitutunda laboratoriya müdiri, 1982-ci ildə SSRİ EA-nın P.K.Anoxin adına Normal Fiziologiya İnstitutunda laboratoriya müdiri və “Xromatron” müəssisəsində Elmi Mərkəzin (Moskva ş.) rəhbəri təyin olunub. 1998-ci ildən Milli Aviasiya Akademiyasında laboratoriya rəhbəri, 2008-ci ildən eyni zamanda Azərbaycan Tibb Universitetində kafedra müdiridir.

AMEA-nın müxbir üzvü Arif Məmmədovun elmi fəaliyyəti emosional stresin mərkəzi və periferik mexanizmlərinin yüksək texnologiyalar əsasında multidissiplinar tədqiqinə həsr olunub. Onun tərəfindən ilk dəfə somatometrik göstəricilər, arterial təzyiq və miokardin “keçici işemiyasının təhlili”, EKQ dispersiyası və NOİSE monitorinq üsulları əsasında Bakı məktəblərində tədqiqatlar aparılıb və risk qrupları təyin olunub. Alim Azərbaycanda Aviasiya psixofiziologiyası elminin yaradıcısı kimi innovativ Sistem Əsasnaməsi işləyib hazırlayıb və sosial fiziologiyanın yeni prinsiplərini irəli sürüb.

Alim 350-dən çox elmi əsərin, o cümlədən 18 monoqrafiya, dərslik və kitabın, 17 metodik vəsait, 6 patent və 16 sertifikatın müəllifidir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 10 fəlsəfə və 3 elmlər doktoru hazırlanıb.

O, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Beynəxalq Elmlər Akademiyasının, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının üzvüdür. O, Rusiya Elmlər Akademiyasının “Akademik P.K.Anoxin” və “Akademik İ.P.Pavlov” adına qızıl medalları ilə təltif olunub. Arif Məmmədov 2021-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Tanınmış alimi yubileyi münasibəti ilə təbrik edir, ona uzun və sağlam ömür, gələcək elmi, elmi-pedaqoji və ictimai fəaliyyətlərində daha böyük uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: