Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

04.03.2015 00:00
  • A-
  • A
  • A+

“Kipriklərin pıçıltısı” kitabının təqdimat mərasimi keçirilib

“Kipriklərin pıçıltısı” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycanda ərəb məhcər ədəbiyyatına, xüsusən də bu ədəbiyyatın görkəmli nümayəndəsi Mixail Nuaymənin ədəbi irsinə maraq getdikcə artmaqdadır. Ərəb məhcər ədəbiyyatının Azərbaycanda ilk tədqiqatçısı olan görkəmli ərəbşünas alim, professor Aida İmanquliyevanın başladığı iş bu gün də mütəxəssislər tərəfindən uğurla davam etdirilməkdədir.

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun fəaliyyəti bu çalışmalar arasında diqqət çəkir. Mahir Həmidovun tərcüməsində “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Kipriklərin pıçıltısı” adlı şeirlər kitabı Mixail Nuaymə ədəbi irsinin Azərbaycanda təbliği sahəsində uğurlu addım kimi dəyərləndirilir. Kitabın redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevadır.

236 səhifəlik kitabın tərcüməsi ilə yanaşı orijinalının da verilməsi mütəxəssislər tərəfindən təqdirlə qarşılanıb. Kitabda Mixail Nuaymənin qardaşı nəvəsi Nəcib Nuaymənin tərcümə ilə bağlı Mahir Həmidova ünvanladığı məktub da yer almaqdadır.

Martın 2-də Azərbaycan Yazıçılar Birliyində “Kipriklərin pıçıltısı” kitabının geniş təqdimat mərasimi keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Mixail Nuaymənin “Kipriklərin pıçıltısı” adlı kitabının Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib. “Poeziyanı tərcümə etmək, şairin dünya görüşünü, fəlsəfi düşüncələrini, ruhunu Azərbaycan dilində düzgün ifadə etmək tərcüməçidən yüksək peşəkarlıq tələb edir. Bu mənada M. Həmidov böyük nailiyyət qazanıb”, – deyən İ.Fəhmi M.Həmidovun ərəb ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində böyük işlər görəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikasının Suriyadakı fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev çıxış edərək M.Həmidovun illər öncə Mixail Nuaymə irsini Livanda, Nuaymənin doğma kəndi Biskintada necə tədqiq etdiyinin şahidi olduğunu bildirib.

Tədbirdə çıxış edənlər – filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, professor İmamverdi Həmidov və başqaları M.Nuaymənin əsərlərinin ölkəmizdə kitab halında ilk dəfə çap olunmasını ədəbi nailiyyət kimi dəyərləndiriblər, Mahir Həmidova elmi fəaliyyətində uğurlar arzulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: