Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.11.2021 14:28
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun alimləri 2021-ci ildə 13 patent alıblar

Aşqarlar Kimyası İnstitutunun alimləri 2021-ci ildə 13 patent alıblar

AMEA-nın akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının 2021-ci il üzrə şöbə və laboratoriyaların elmi və elmi-təşkilati yekunlarına həsr olunan hesabat iclası keçirilib.

Tədbiri institutun baş direktoru, akademik Vaqif Fərzəliyev açaraq iclas iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verib. O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq hesabat dövrünün əhəmiyyətli hissəsi xüsusi karantin rejiminə təsadüf edib: “Bu məhdudiyyət institutun, o cümlədən elmi işçilərin fəaliyyətinə kəskin təsir etməyib. İnstitutun cari ildə fəaliyyəti nəticəsində 4 mühüm nəticə əldə olunub ki, onlardan 3-ü fundamental nəzəri, 1-i isə tətbiqi işlə bağlıdır. Bu müddətdə institut əməkdaşlarının 25 məqaləsi impakt faktorlu xarici jurnallarda dərc olunub. Əməkdaşların apardıqları elmi tədqiqatların nəticələrinə həsr olunan məqalələrə dünya alimləri 250-ə yaxın istinad ediblər. Eyni zamanda hesabat dövründə elmi işçilərimiz 13 patent alıblar, bunu da son illərin yüksək göstəricisi hesab etmək olar”.

Sonra müəssisənin 12 laboratoriya, 3 şöbə, 1 Təcrübə Sınaq Stansiyası, 2 ictimai təşkilatın rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər. Laboratoriya müdirləri zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materiallarının məqsədli sintezi və funksional təsir mexanizminin öyrənilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat veriblər. Bundan başqa, sintetik yağlara yüksək temperaturlarda davamlı oksidləşmə inhibitorlarının yaradılması, yeni tip çoxfunksiyalı aşqarların və xüsusi təyinatlı yağların yaradılması və tətbiq sahələrinin müəyyənləşdirilməsi ilə əlaqədar yerinə yetrilən işləri, həmçinin laboratoriya əməkdaşlarının il ərzində qazandıqları patent və çap etdirdikləri elmi əsərləri diqqətə çatdırıblar.

Məruzələr ətrafında institutun icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev, elmi katib, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri - professorlar Həqiqət Cavadova, Pərvin Məmmədova, k.e.d. Mahizər Əliyeva, k.ü.f.d., dosentlər Elxan İsakov, Oruc Nəbiyev, Vəli Kazımov, Minaxanım Musayeva və digərləri çıxış edərək fikirlərini bildiriblər.

Daha sonra akademik V.Fərzəliyev hesabatları məqbul hesab edib və növbəti ildə görülməsi nəzərdə tutulan perspektiv elmi işlər haqqında tövsiyə və təkliflərini verib. Qeyd edib ki, gələcəkdə aparılacaq tətbiqi xarakterli elmi-tədqiqat işləri respublikamızın iqtisadiyyatına uyğunlaşdırılmalıdır.

Sonda hesabatların qəbul olunması haqqında qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: