Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən təşkil olunacaq sərgilərə hazırlıq işləri ilə bağlı İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda akademiyanın daimi fəaliyyət göstərən “Elmi Nailiyyətlər Sərgisi”, Bakı Ekspo Mərkəzində “XXII Beynəlxalq Xəzər neft və qaz sərgisi” (Caspian Oil & Gas) və AMEA-nın 70 illik yubileyinə həsr olunmuş sərgi haqqında ümumi məlumat verilib.
Sərgidə iştirak edəcək institut və təşkilatların hansı məhsullar nümayiş etdirməsi, üzərinə düşəcək vəzifələrin bölüşdürülməsi və ümumi hazırlıq vəziyyəti müzakirə edilib.
AMEA Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva qrup üzvlərini “XXII Beynəlxalq Xəzər neft və qaz sərgisi” üzrə Bakı Ekspo Mərkəzində akademiyanın müəssisələri üçün eksponatların düzülüşü və ictimaiyyətə təqdim olunması nəzərə alınmaqla ayrılmış məkanın sxemi ilə tanış edib.
Görüşdə AMEA-nın elmi müəssisələrində son illər əldə olunmuş fundamental və tətbiqi elmi tədqiqat işlərinin nəticələri, eləcə də institutlar tərəfindən neft sərgisində təqdim olunacaq neft sənayesinə aid videoçarxlar, buklet, hər üç dildə broşür, daha qabaqcıl və müasir tələblərə cavab verən ixtira, avadanlıq və qurğuların sərgidə nümayişinin alimlərimizin elmi nailiyyətlərini geniş ictimaiyyətə çatdırmağa xidmət etdiyi vurğulanıb.
Neft və qaz sərgisinin beynəlxalq əhəmiyyətindən danışan N.Quliyeva sərgi çərçivəsində düzənlənən konfransda neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində tədqiqat aparan alimlərin çıxışının da nəzərdə tutulduğunu bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.