Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Azərbaycanda milli kadrların hazırlanmasında Rusiya elmi mühüm rol oynayıb”
30.11.2021 11:55
  • A-
  • A
  • A+

“Azərbaycanda milli kadrların hazırlanmasında Rusiya elmi mühüm rol oynayıb”

Bu sözləri AMEA Rəyasət Heyətinin üzvü, akademik Gövhər Baxşəliyeva Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA-da respublika elmi ictimaiyyəti ilə görüşü zamanı çıxış edərkən deyib.

O, ölkəmizdə milli kadrların hazırlanmasında Rusiya elminin danılmaz rolunu vurğulayaraq, bir çox alimimizin rus elmi məktəbinin yetirmələri olduğunu söyləyib. Akademik Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatları ilə Rusiya Elmlər Akademiyasının elmi müəssisələri arasında tarixən mövcud olan əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb.

G.Baxşəliyeva Şərqşünaslıq İnstitutu, Şərq Əlyazmaları İnstitutu və Dünya Ədəbiyyatı İnstitutu arasında bağlanmış memorandumun imzalandığını xatırladaraq, bu sənədi iki qurum arasında humanitar sahədə əməkdaşlığın inkişafına mühüm töhfə kimi qiymətləndirib.

Alim çıxışı zamanı 2013-cü ildə Bakıda MDB ölkələrinin gənc şərqşünaslarının konqresinin keçirildiyini xatırladıb. Şərqşünaslığın bir elm sahəsi kimi əhəmiyyətindən danışan G.Baxşəliyeva yaxın illərdə AMEA-nın Şərqşünaslıq İnstitutu ilə REA-nın Şərqşünaslıq İnstitutu arasında birgə fundamental tədqiqatların aparılmasını təklif edib:

“Biz, həmçinin Rusiya Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə rus şərqşünaslıq məktəbinin inkişafına dair konfransların, simpoziumların keçirilməsinin, kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu hesab edirik”.

2022-ci ildə şərqşünasların II birgə konfransının 40 ilinin tamam olacağını söyləyən alim iki ölkənin müvafiq elmi qurumları arasında bu kimi konfransların mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin müasir şərqşünaslığın aktual problemlərinə dair nəşrlərin hazırlanmasının vacibliyini söyləyib.

Akademik G.Baxşəliyeva “Şərqşünaslıq sahəsində milli, yüksəkixtisaslı kadrların hazırlanmasında Rusiya Elmlər Akademiyasının rolu” mövzusunda tədbirin keçirilməsinin iki ölkə arasında elmi əlaqələrin inkişafı baxımından böyük maraq kəsb edəcəyinə inamını ifadə edib. Həmçinin görkəmli şərqşünas alim Mirzə Kazımbəyin anadan olmasının 220 illiyinə həsr edilmiş tədbirin keçirilməsi təklifini irəli sürüb.

G.Baxşəliyeva nitqinin sonunda Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinə təşəkkürünü bildirib, bu görüşün AMEA ilə REA arasında səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişafı istiqamətində yeni imkanlar açacağına əminliyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: