Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Ədəbiyyat Muzeyində “Sazın şairi” mövzusunda elmi sessiya keçirilib
06.12.2021 10:55
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində “Sazın şairi” mövzusunda elmi sessiya keçirilib

Dekabrın 3-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Sazın şairi” mövzusunda elmi sessiya keçirilib.

Sessiyanı muzeyin baş direktoru, akademik Rafael Hüseynov açaraq bu il 200 yaşı tamam olan ustad sənətkarın həyat və zəngin yaradıcılığından bəhs edib. Xalqımızın çoxəsrlik tarixində aşıq sənətinin özünəməxsus yeri olduğunu deyən R.Hüseynov keçmiş zamanlarda aşıqların xalq arasında olaraq dastanlar, şeirlər söyləyib insanların maariflənməsinə töhfə verdiklərini qeyd edib.

Akademik bildirib ki, bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük saz və söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi qeyd olunur. Qüdrətli söz ustadı Aşıq Ələsgər Azərbaycanın mədəni sərvətlər xəzinəsinə qiymətli incilər bəxş edib.

“Aşıq Ələsgərin ucaldığı zirvəyə qalxmaq heç bir aşığa nəsib olmayıb. O, sağlığında da, həyatdan köçdükdən sonra da daim aşıqlığın örnəyi, rəmzi sayılan sənətkar olub. Qüdrətli söz ustadının yaradıcılığının diqqətəlayiq cəhəti ondan ibarət idi ki, o, dərin, əhatəli biliyə sahib idi. Həmçinin o, aşıq olmaqdan daha əvvəl böyük şair idi. Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindəndir. Ustad sənətkarın varlığında sazla bərabər söz, səs, barmaq, qələm birləşirdi ki, bu da ona müstəsnalıq verirdi. Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı olan Ələsgərin məsləhət vermək, yol göstərmək, əsl aşığın necə olmasını göstərmək haqqı var idi. O, məşhur ustadnamələrindən birində əsl aşığın necə olmasının dərsini verir, düsturunu ortaya qoyur. Qeyd edir ki, aşıq gözəl saz çalmaq, çoxlu şeir bilməklə bərabər savadlı və ağıllı olmalıdır. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət məktəb formalaşdırıb, özündən sonra zəngin ədəbi irs qoyub”, - deyə Rafael Hüseynov bildirib.

Aşıq Ələsgərin müxtəlif illərdə yubileylərinin qeyd olunduğunu deyən akademik diqqətə çatdırıb ki, ustad sənətkarın qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmışdı. Soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra həmin abidə erməni vandalları tərəfindən dağıdılıb. Ancaq buna baxmayaraq ötən 30 il ərzində Azərbaycanda və Ədəbiyyat Muzeyində Aşıq Ələsgərin yuvarlaq ildönümləri qeyd olunub. Milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi hər zaman yaşayacaq.

Tədbirdə muzeyin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri? filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu “Aşıq Ələsgər ömrünün qaçqınlıq illəri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Aşıq Ələsgərin ömür yolunu, xüsusən də doğma yurdundan, evindən məcburi qaçqınlıq illərini qələmə alan dastan-rəvayətlər XX əsrin başlanğıcı tariximizin mənzərəsini tamamlayan vacib qaynaqlardır.

Elmi sessiyada muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Aysel Məhərrəmova “Aşıq ədəbiyyatı nümayəndələri Nizami muzeyinin ekspozisiyasında” mövzusunda məruzə edib. Məruzədə Ədəbiyyat Muzeyinin zallarında əksini tapan şifahi xalq ədəbiyyatı nümunələri və aşıq yaradıcılığı haqqında ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: