Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunda ərəb dilçiliyinə dair kitab işıq üzü görüb
08.12.2021 10:38
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda ərəb dilçiliyinə dair kitab işıq üzü görüb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zenfira Rüstəmovanın və elmi işçisi Gülşən Həmidlinin rus dilində “Категория числа и рода в литературном арабском языке” (“Ərəb ədəbi dilində kəmiyyət və cins kateqoriyaları”) kitabı çapdan çıxıb.

Kitab bu il oktyabr ayının 23-də dünyasını dəyişmiş mərhum alim Zenfira Rüstəmovanın ölümündən sonra işıq üzü görüb.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Laura Orucovadır.

“Ərəb ədəbi dilində kəmiyyət və cins kateqoriyaları” adlı əsər, adından da bəlli olduğu kimi, dilçilərin diqqət mərkəzində duran və günü-gündən daha çox marağa səbəb olan məsələlərdən birinə - qrammatik kateqoriyalara həsr olunub. Monoqrafiyada ərəb qrammatikasının az tədqiq edilmiş bölməsi - kəmiyyət və cins kateqoriyaları hərtərəfli tədqiq edilib.

Z.Rüstəmova kəmiyyət, G.Həmidli isə cins kateqoriyasının xüsusiyyətlərini tədqiq edərək, mülahizələrini faktiki materiallara əsaslandırıblar. Təqdim edilən hər iki kateqoriyanın müəllifləri üzərində işlədikləri tədqiqat işini yalnız ərəb dilinin öz materialları əsasında deyil, hətta lazım gəldikdə bu dilin dialektləri, qohum dillər, bəzən də qohum olmayan dillərlə müqayisəli və qarşılıqlı tədqiqat metodu ilə aparıblar.

Ərəb dilində kəmiyyət kateqoriyası çoxsaylı say qrupları və və formaları ilə seçilir.  Əsərin kəmiyyət kateqoriyasına həsr edilən birinci hissəsi 3 fəsildən ibarətdir. Birinci fəsildə kəmiyyət kateqoriyası ümumi dilçilik baxımından nəzərdən keçirilir və sami dillər sırasında olan bir neçə dildə məsələnin qoyuluşuna baxılır. İkinci fəsildə ərəb dilində nitq hissələri üzrə ərəb dilinin kəmiyyət kateqoriyası araşdırılır. İsmin kəmiyyət kateqoriyası 3-cü fəsildə ayrıca nəzərdən keçirilir.

İkinci hissənin birinci fəslində cins kateqoriyasının ümumi xarakteristikası verilir. İkinci fəsildə ərəb və ibri dillərində cins kateqoriyası tədqiq edilir. Üçüncü fəsildə bu kateqoriya ilə bağlı ərəb dilçilərinin baxışları nəzərdən keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: