Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan dilinin dövlət dili kimi inkişafında Ulu Öndərin misilsiz xidmətləri olub
08.12.2021 14:15
  • A-
  • A
  • A+

Azərbaycan dilinin dövlət dili kimi inkişafında Ulu Öndərin misilsiz xidmətləri olub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan professor Sayalı Sadıqova bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndərin misilsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

Ulu öndərin təşəbbüsü və qətiyyəti ilə Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) əksini tapıb. Respublikada Azərbaycan dilinin rəsmiliyi təmin edilib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib. Professor bildirib ki, “Müasir Azərbaycan dili” dərsliklərinin Dövlət Mükafatına layiq görülməsi ulu öndərin cəsarəti və düşünülmüş siyasəti nəticəsində mümkün olub.

Sonra professorlar İsmayıl Məmmədli, İlham Tahirov ümummilli liderin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü işlərdən söz açıblar. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli sayda tədqiqat işi aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.

İclasda filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirib ki, Azərbaycanda siyasi natiqliyin formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndərin nitqi öz səmimiliyi, zənginliyi, orijinallığı ilə dünyanın siyasi xadimlərinin nitqləri ilə müqayisə oluna bilər. Heydər Əliyevin nitqi zənginliyi, emosionallığı, mükəmməlliyi ilə bir örnək, onun ictimai-siyasi natiqlik sahəsindəki təcrübəsi, istedadı isə bir məktəbdir. Ümummilli lider Heydər Əliyev dilimizin inkişafı məsələlərində də nikbin idi. Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru Sevinc Əliyeva ulu öndərin Azərbaycan dili ilə bağlı fərman və sərəncamlarının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bunlar Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinə əsaslı zəmin yaradıb.

İclasda qeyd edilib ki, dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanı təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilimizin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: